Nazir: “Subsidiyaların verilməsi gələn ildən...”
"Azərbaycanda gələn ildən yeni aqrar sığorta mexanizmi işə düşəcək" .
APA TV-nin məlumatına görə, Kənd Təsərrüfatı naziri İnam Kərimovun sözlərinə görə, "dövlət-özəl" formatında yaradılan yeni sistem aqrar sahədə yarana biləcək risklərin dövlət tərəfindən qarşılanacağını təmin edəcək: "Gələn ildən həmçinin subsidiyalar elektron formada veriləcək. Bunun üçün elektron kənd təsərrüfatı sistemi artıq fəaliyyətə başlayıb. Bu sistemdə 420 mindən çox fermer qeydiyyatdan keçib, 240 mindən çox fermer əkin sahələri barədə məlumatları elektron sistemdə bəyan edib. Bu, subsidiyaların verilməsinin daha şəffaf keçirilməsinə şərait yaradacaq. Aqrar sahəyə dövlət dəstək verir və bu proses davam etdirilir”.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev həyata keçirilən aqrar islahatlar nəticəsində müxtəlif növ kənd təsərrüfatı istehsalı məhsullarının həcminin əhəmiyyətli dərəcədə artdığına diqqət çəkib: “Vacib amillərdən biri də əhalinin balıq və digər su resursları ilə təminatıdır”.
Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qeyd edib ki, idxal zamanı yüksək riskli məhsullar daha yaxın tezlikli, orta və aşağı riskli məhsullar isə daha az tezlikli ekspertizalara cəlb olunur.
O bildirib ki, qida təhlükəsizliyi 3 əsas istiqaməti özündə cəmləşdirə bilib: "Birincisi və ən vacibi əhalinin sağlamlıq göstəriciləridir, ikinci məsələ ölkədə qida məhsullarının ixrac potensialının artırılmasıdır. Əgər məhsulun təhlükəsizlik göstəriciləri yüksək səviyyədə olarsa, o, artıq məhsulun etibarlılığının artırılması deməkdir. Üçüncü vacib məsələ qida məhsullarının sağlam rəqabət mühitinin yaradılmasıdır".
Q.Təhməzli bildirib ki, Qida Təhlükəsizliyi İnstitutunda analitik ekspertiza mərkəzinin nəzdində 19 laboratoriya fəaliyyət göstərir.
Qeyd edək ki dekabrın 17-də Bakıda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lər) reallaşdırılmasında ərzaq və kənd təsərrüfatı sahəsində özəl sektorun rolunu əks etdirən seminar keçirilib.