Nazirdən müəllimlərin işə qəbulu ilə bağlı önəmli AÇIQLAMALAR
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr olunan tədbirdə Təhsil naziri Emin Əmrullayev son ilərdə MİQ vasitəsilə işə qəbul olan müəllimlərin sayına diqqət əkib. Nazir qeyd edib ki, işə qəbul olan müəllimlərin sayı 18 min nəfərdən 55-56 min nəfərə çatıb, yəni, bu rəqəm 3 dəfə artıb.
APA TV xəbər verir ki, nazir ali təhsil müəssisələrində 500 baldan yuxarı bal toplayan hər 4 nəfərdən birinin müəllimlik ixtisasını seçdiyini söyləyib: "Müəllimlik ixtisasının formatının və mənasının dəyişməsi çox vacibdir. XXI əsr müəllimindən ötən əsrin müəllimində olan bacarıqlarla yanaşı, yeni bacarıqlar da tələb olunur".
Nazir qeyd edib ki, son illərdə mümkün reallıqlar çərçivəsində ADPU-da daha keyfiyyətli kadr hazırlığı baxımından böyük işlər görülüb: “Bu universitetin məzunlarının yarısı ali məktəbi bitirdikləri ilk ildə MİQ vasitəsilə işə qəbul olur".
Nazir deyib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqları işğaldan azad etməsindən sonra ADPU məzunlarının bir qismi fəaliyyətini o yerlərdə davam etdirəcək: "Bu, yeni bacarıqlarla yeni dövr nəslinin hazırlanması baxımından vacib və ümidverici məqamdır".
ADPU məzunlarının MİQ və magistraturaya qəbul göstəricilərinə diqqət çəkən rektor Cəfər Cəfərov qeyd edib ki, son illərdə Universitetin məzunlarının müəllimlərin işə qəbulu (MİQ) və magistraturaya qəbul imtahanlarında göstərdikləri nəticələri qənaətbəxş saymaq olar.
Onun sözlərinə görə, ötən tədris ilində ADPU-dan bakalavr səviyyəsində 2119 nəfər məzun olub: "Məzunlarımızın 873-ü (41.5%-i) magistraturaya imtahan verib, onlardan 353-ü (imtahan verənlərin 40%-i) yetərincə bal toplayaraq qəbul olunub. Bu il magistraturaya daxil olan və hərbi xidmətə yollananlar istisna olmaqla, universiteti bitirmiş 2119 bakalavrdan 1306-sı (61%-i) həmin imtahanlarda iştirak edib, onlardan 1089 nəfəri (83%-i) 30-dan yuxarı bal toplayıb. O cümlədən 530 nəfər (49%) 40-60, 184 nəfər isə (16.8%) 50-60 bal yığaraq yüksək nəticə göstərib. Cəmi bir neçə il əvvəllə müqayisədə bu göstərici bəzi ixtisaslar üzrə 4-5, bəzilərində isə 7-8 dəfə yaxşılaşma deməkdir".
Rektor deyib ki, hazırda ölkənin 21 ali məktəbində müəllimlik ixtisasları üzrə kadr hazırlığının həyata keçirilməsinə baxmayaraq, cari tədris ilində ADPU-ya 2475 yerlik tələbə qəbulu planı 97,6% dolub: "Qəbul olanlardan 1730 nəfərin (73,4%) topladığı bal 400-dən yuxarı olub. Qəbulun 66%-i dövlət sifarişi əsasında həyata keçirilib".
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubiley tədbirində hökumət və təhsil nümayəndələri iştirak edib. Rektor Cəfər Cəfərov universitetin yubileyinin keçirilməsi ilə bağlı xüsusi sərəncam imzaladığına görə ölkə Prezidentinə təşəkkür edib.
Tədbir çıxışlarla və bədii hissə ilə davam edib.
Sevinc Vaqifqızı,
Kamran Namazov,
APA TV