Nazirlik bəzi dərmanların bahalaşmasına AYDINLIQ GƏTİRDİ
Səhiyyə Nazirliyinin rəsmisi satışda tapılmayan dərmanların bir müddət sonra qiymətinin 2-3 dəfə artmış şəkildə geri qayıtması məsələsinə münasibət bildirib.
Səhiyyə nazirinin müavini Rasim İsmayılov APA-ya açıqlamasında deyib ki, Azərbaycanda dərmanların qiymətini Tarif Şurası müəyyənləşdirir:
“Tarif Şurasının özünün də qiymətləndirmə metodları var. Ölkəyə yeni dərmanlar daxil olanda onların alternativ ölkələrlə hesablama formaları var”, - deyə nazir müavini qeyd edib.
Rasim İsmayılov yerli dərman istehsalı sahəsində işlər görüldüyünü də diqqətə çatdırıb:
“Artıq “Diamed Co” və “Erfam” şirkətləri yerli istehsala başlayıblar. Bu yaxınlarda Ələt Azad İqtisadi Zonasında İsrailin şirkəti ilə yeni istehsal qurulmalıdır. İqtisadiyyat Nazirliyi ilə birlikdə bu istiqamətdə ciddi əməkdaşlıq var. Yeni investorların cəlb olunması ilə dərman istehsalını artırmaq istəyirik ki, idxaldan asılılığı aradan qaldıraq”, - deyə o vurğulayıb.