Nazirlikdə çalışmış zabiti narkotikə görə qul etdilər
Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 23 aprel tarixində paytaxtın Nərimanov rayonu ərazisində 36 yaşlı Sabir Vəliyevin (ad və soyadlar şərtidir) qətlə yetirilməsi ilə bağlı açılmış iş üzrə məhkəmə prosesi başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tanışı S.Vəliyevi bıçaqlayaraq öldürən 1989-cu il təvəllüdlü Elşən Xəlilov Cinayət Məcəlləsinin 120.1-ci müddəsi ilə təqsirləndirilib.
Məhkəmə materiallarından məlum olub ki, E.Xəlilov ali təhsillidir və nazirliklərdən birinin akademiyasını bitirib. Daha sonra o, zabit kimi 7 ilə yaxın nazirliklərdən birində çalışıb. Lakin 2018-ci ildə artıq çəkidən əziyyət çəkməsi və şəkərli diabet xəstəsi olmasına görə nazirlikdəki işindən ayrılıb. Bundan sonra Ukraynaya gedən Elşən 2020-ci ildə Bakıya qayıdıb. Təqsirləndirilən şəxsin atası məhkəmədə bildirib ki, oğlu Ukraynadan qayıdandan sonra onun narkotik vasitələrdən istifadə etdiyini hiss edib. Bir müddət Bakıda müxtəlif yerlərdə çalışan Elşən sonra işsiz qalıb və narkotik vasitə istifadəçisi olan Sabirlə tanış olub. İttiham aktında qeyd edilib ki, paytaxtın Atatürk prospektindəki mənzilində tək yaşayan Sabir Elşənin narkotik asılılığından istifadə edərək onu evində qulluqçu kimi saxlayıb və alçaldıcı münasibət göstərib. O, könüllü şəkildə Sabirin evində qalaraq mənzilin təmizlik işlərini görüb, həmçinin Sabirin verdiyi pullarla mütəmadi olaraq onun üçün mağazadan bazarlıq edib, evə gələn dostlarına yemək bişirib, çay hazırlayıb, qabları yuyub. Lakin bir müddət sonra Elşən Sabirin ona qulluqçu kimi yanaşmasından və digər mənfi hərəkətlərindən bezib. Elşən evdən qaçmaq qərarına gəlib. O, dəmir qapını açaraq mənzili tərk etmək istəyəndə Sabir qapının səsini eşidirək yuxudan ayılıb və bıçağı götürərək üzərinə gəlib. Bu zaman onlar arasında dava baş verib və nəticədə Elşən Sabiri bıçaqlayaraq qətlə yetirib. Bundan sonra Elşən qapını arxadan bağlayaraq həmin ünvanı tərk edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesin yekununda Elşən Xəlilova 9 il həbs cəzası verilib.