“Nə oğlumu tapdım, nə də o qızı...” - Fərid Səfərlinin anası İrandan qayıtdı

Cari ilin fevral ayının 20-də Almaniyadan İrana gedən və bir daha barəsində heç bir xəbər alınmayan Fərid Səfərlinin anası Dilarə Əsgərova İrandakı nəticəsiz axtarışlardan sonra Bakıya qayıdıb.

Qeyd edək ki, Fərid Səfərlinin İrana Almaniyada tanış olduğu sevgilisini görməyə getməsi ilə bağlı məlumatlar yayılmışdı.

Dilarə Əsgərova bildirib ki, martın 21-də Yena şəhərinə, oğlunun yaşadığı evə gedib və onun bir neçə şəxsi əşyasını, həmçinin, kompüterini götürərək, Fəridin axtarışını aparan polisə təqdim edib.

Martın 23-də Tehrana yollanan Dilarə Əsgərovanın əldə etdiyi məlumatlara görə, Fəridin yanına getdiyi xanım İranın Qum şəhərində Tibb universitetinin axrıncı kurs tələbəsi olub.

Daha sonra Fəridin anası bildirdi ki, Tehran şəhərində vəkil tutub, hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin Fəridin adı heç bir siyahıda çıxmayıb.

Qeyd edək ki, hazırda Bakıda olan Dilarə Əsgərova İranın Azərbaycandakı səfirliyində olub və ona aprel ayının 2-nə qədər Fəridlə bağlı xəbər veriləcəyi bildirlib.

Müəllif | Apa.Tv
Apa.tv