Neft-qazçıxarma idarəsində MÜLKİ MÜDAFİƏ MƏŞQİ... - APA TV

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft-qazçıxarma idarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə məşqi keçirib.

 

APA TV xəbər verir ki, təlimdən öncə şəhidlər bir dəqiqəlik sükutla yad olunub.

 

Məşqə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin qüvvələri, Pirallahı rayon Fövqəladə Hallar Komissiyası və Mülki müdafiə qərargahı, ərazi mülki müdafiə qüvvələri, obyektin rəhbər heyəti və Mülki müdafiə dəstələrinin şəxsi heyəti, habelə Milli Aviasiya Akademiyasının tələbələri cəlb edilib.

 

Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, eləcə də funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

 

Həmçinin, işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “qəza yerində” kəşfiyyatın təşkili, “xəsarət alanların qəza zonasından çıxarılması və onlara ilkin tibbi yardımın göstərilməsi”, habelə baş vermiş “yanğının söndürülməsi” zamanı obyekt qüvvələri ilə FHN-in hadisə yerinə cəlb olunan qüvvələri arasında qarşılıqlı fəaliyyət təşkil edilib.

 

Təlimdən sonra Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, rayonda dövlət müəssisələri, əsasən də neft müəssisələri çoxluq təşkil edir. Bu səbəbdən də bu cür təlimlərin təşkili çox vacibdir.

 

FHN-in Bakı Regional Mərkəzinin Suraxanı rayonu üzrə Fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi, mayor Toğrul Nəbiyev jurnalistlərə açıqlamasında təlimin uğurla yekunlaşdığını bildirib.

 

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

 

Nərmin Murad

Kamran Namazov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv