Neftçalada dəhşət: avtomobili kanalda batıran azyaşlı atası ilə birgə suda boğuldu
Neftçalada balıq tutan ata və 5 yaşlı oğlu kanalda boğulub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayonun Astanlı kəndində 1989-cu il təvəllüdlü Nurlan Əsgərov və oğlu 2015-ci il təvəllüdlü Aslan Əsgərov “Baş Mil-Muğan” kollektorunda boğulublar.
Belə ki, soyuq havada balıq tutan ata 5 yaşlı oğlunu soyuqdan qorumaq üçün avtomobildə oturdub. Bu zaman nəzarətsiz qalan azyaşlı avtomobili işə salıb və maşın hərəkət edərək suya düşüb. Bu zaman oğlunu xilas etmək istəyən ata suya atılıb və o da boğulub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Ata və oğulun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.