Neftçalada dördotaqlı ev yandı
Neftçalada dördotaqlı fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Neftçala rayonunun Şorkənd kəndində qeydə alınıb.
Kənd sakini, 64 yaşlı Hüseynəli Əliyevə məxsus bir mərtəbəli 4 otaqlı ev qəfildən yanmağa başlayıb. Ev sahibi yanğın anında evdə olmayıb və yanğın şiddətləndikdən bir müddət sonra evinin yandığından xəbər tutub.
Hadisə yerinə FHN-in Neftçala və Salyan rayon Dövlət Yanğından Mühafizə hissələrinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alov lokallaşdırılıb və yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, 150 kvadratmetr sahəsi olan fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq kül olub.
İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərindəki qısaqapanma olub.
Faktla bağlı araşdırma aparılır.