Neftçalada taxıl biçini yekunlaşır – BU İL MƏHSULDARLIQ YÜKSƏKDİR
Azərbaycanda arpa sahələrində biçin davam edir. Bu il ölkə üzrə 61 rayonda və Naxçıvan Muxtar Respublikasında ümumilikdə 369 min 240 hektar sahədə payızlıq arpa əkilib. Hazırda 36 rayonun arpa sahələrində biçin davam edir. Ölkə üzrə ən çox arpa əkinlərinin aparıldığı Neftçala rayonunda isə biçin prosesi yekunlaşmaq üzrədir.
Rayonda 43066 hektar sahədən 36803 hektarını arpa sahələri təşkil edir. Bu günədək 34760 hektar sahədə biçin başa çatıb. Fermerlər sahələrdən 100 min tondan çox məhsul götürüblər. Rayon üzrə arpanın orta məhsuldarlığı 28,8 sentner təşkil edir. Ötən il Neftçalada 32145 hektarda arpa əkilmiş, sahələrdən ilkin çəkidə 86149 ton məhsul yığılmışdı. 2019-cu il taxıl biçinin yekununda arpa üzrə orta məhsuldarlıq 26,8 sentner təşkil etmişdi. Bu il məhsulun bol olması həm də fermerlərin gəlirlərinin artması deməkdir.
Arpa biçini yekunlaşmaqda olan Neftçalanın taxıl sahələrində hazırda 108 kombayn işləyir. Onlardan 26-sı “Aqrolizinq”ASC-nin rayon bölməsinin balansında olan texnikadır. “Aqrolizinq” məhsulun vaxtında və itkisiz yığılması üçün dağlıq və dağətəyi rayonlardakı bölmələrdən Neftçalaya əlavə olaraq 19 kombayn dislokasiya edib. Biçin prosesində həmçinin hüquqi və fiziki şəxslərin mülkiyyətində olan 63 kombayn da iştirak edir. Proses yaxın zamanlarda yekunlaşdıqdan sonra kombaynlar tələbat duyulan digər rayonlara dislokasiya olunacaq.
Qeyd edək ki, bu il Azərbaycanda 1 010 208 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Bu sahələrdən 640 977,6 hektarında buğda, 369 240,4 hektarında arpa əkini aparılıb. Biçin prosesinə ümumilikdə 1700-dən artıq kombaynın cəlb olunması nəzərdə tutulur.