Neftçi zibildən 5 min manatlıq sənət əsəri düzəltdi
Siyəzən şəhər sakini Cavid Yəhyayev 20 ildən çoxdur ki, neftçıxarma sahəsində mühəndis işləyir. O, tullantılardan hazırladığı əl işləri ilə daha çox tanınır. Bu işlə 10 ildən çoxdur ki, məşğul olan Cavid Yəhyayev bundan əvvəl yararsız avtomobil şinləri və istifadə olunmuş şirə qablarından qeyri-adi fiqurlar və bəzək əşyaları hazırlayıb.
İstedadlı mühəndisin üç ay ərzində ərsəyə gətirdiyi “dəmir maral” hamının marağına səbəb olub. Bu maral təmir sexlərindən toplanan dəmir parçalarından və istifadəyə yarasız dəmir alətlərdən hazırlanıb. Diqqətlə baxdıqda “dəmir maralın” kəlbətin, qayçı, şiş, çarpayının tutacaqları, velosiped zəncirləri, müxtəlif disklər, eləcə də avtomobil və başqa texnikaların yarasız ehtiyat hissələrindən ibarət olduğunu görmək olar. Qeyri-adi maralın ölçüləri bu canlının real ölçüləri ilə eynidir.
Cavid Yəhyayev ənənəsinə sadiq qalaraq daha çox heyvan, quş, böcək və sair fiqurlar düzəldir. Son əl işləri arasında at başı, qartal, xoruz, motosikletlər, neftçıxarma qurğusu, insan, quş və balıq fiqurları daha diqqətçəkəndir.
Müsahibimizin yararsız materiallardan hazırladığı maraqlı eksponatların sayı 100-ü keçib.
Siyəzənli mühəndis yararsız avtomobil şinlərindən hazırladığı əl işləri ilə IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisində iştirak edib. Belə əl işləri düzəltməkdə əsas məqsədi tullantıların sayını azaltmaq və onlardan istifadə etməyin mümkünlüyünü göstərməkdir.
Vəli Turan, Rizvan Hacıyev, APA TV