Nəzir qutularına atılan vəsait əslində hara xərclənir?
Azərbaycanın istənilən bölgəsinə səfər edərkən yolboyu tez-tez rast gəldiyimiz şeylərdən biri də nəzir qutularıdır. Bu cür qutularla demək olar ki, ölkədəki məscidlərin də hamısının önündə qarşılaşırıq.
Dədə-babadan gördüyümüz odur ki, nəzir qutularının yanından çox az insan etinasız keçir. Kimisi niyyət etdiyi məbləği atır, kimisi də cibindəki son qəpiyi.
Qutuların əsasən gediş-gəlişin, axının gur olduğu yerlərdə qurulduğunu nəzərə alsaq, bir gündə nə qədər vəsaitin toplandığını da təxmin etmək olar.
Niyə təxmin? Çünki dəqiq rəqəmi öyrənmək şansımız yoxdur. Hələ bu bir yana qalsın, qutuya düşən kimi vicdanımızı rahatladan həmin vəsaitin çıxarılıb, hansı işlərə xərcləndiyindən belə xəbərsiz oluruq.
Niyə xəbərsiz oluruq? Çünki bunu sənə dəqiq söyləyəcək nə bir şəxs tapılır, nə də bir qurum. Kimsə çıxıb cavab verər, verməyinə, amma aldığın yenə təxmini cavab olur.
Bunu isə tək biz demirik, kimə yaxınlaşdıqsa, həmfikir olduğumuzu gördük. Xeyirsevər vətəndaşlarımız da toplanan ianələrin hara, hansı mexanizmlə xərcləndiyindən xəbərsiz olduqlarını deyirlər.
Gəncə şəhərində yerləşən İmamzadə ziyarətgahının axundu Hacı İlham deyir ki, buradakı nəzir qutusuna toplanan vəsait xeyriyyə işlərinə və otaqların təmirinə xərclənir: “İnsanlar məscidlərə gələrkən ianələr edirlər imkan daxilində. Həmin ianələr məscidlərinin təmirinə işçi heyətinə sərf olunur. 1000 nəfərlik ehsan zalımız var. Otaqların təmirinə ehtiyac olarsa ora xərclənir”.
Suallarımıza cavab tapmaq üçün Qafqaz Müsəlmanlar İdarəsinin də mövqeyini öyrəndik, amma təəssüf ki, ordan da dəqiq cavab ala bilmədik. Təkcə onu söylədilər ki, nəzir qutularında toplanan ianələr məscidlərin təmirinə və kommunal xərclərə yönəldilir.
Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov isə deyir ki, bəzi xarici ölkələrdə nəzir qutularından yığılan vəsaitlərin hara xərclənməsi barədə ictimaiyyətə şəffaf hesabat təqdim edilir. Məsələn, qardaş ölkə Türkiyədə bu ianələr konkret şəxslərə həvalə olunub: “Onlar nömrələnmiş qəbizlər verirlər. Məsələn mən 10 manat ödəyirəm qəbiz yazılır, biri mənə verilir biri özlərində saxlanılır. Vergidəki mədaxil qəbzi kimi. Belə bir şəffaf bir sistem qurulub”.
Yenə eyni suala qayıdaq. Bəs bizdə necə olur? Yığılan bu qədər vəsait hara və hansı məqsədlə xərclənir? Millət vəkili də bu suala fikrini öyrəndiyimiz digər iki aidiyyatı şəxs kimi təxmini cavab verir: “Ümumiyyətlə bu məsələyə yanaşmada nəzərə almalıyıq ki, İslam da vəqf, müasir dildə desək fond anlayışı var. Bura ayrılan vəsaitlər müəyyən ehtiyaclar üçün sərf olunur. Burada xəstələr, tələbələr, imkansız şəxslərin ehtiyaclarını qarşılamaq ola bilər. Eləcə də məscidlərin müəyyən xərclərinin ödənilməsi üçün”.
İlahiyyatçı Elşad Miri isə əslində İslam dinində hansısa qutuya nəzir atmaq kimi bir anlayışın olmadığını deyir: “Azərbaycanda bu gün təəssüflər olsun ki həmin o ibadət növünü nəzir atmaq yaxud da hər hansı İslamda olmayan məscidlərin ətrafında olan qutularla bilirik. Amma bu günləri Azərbaycanda həmin qutulara nə qədər atıldığı haralara xərcləndiyi haqqında necə istifadə olunduğu bunun bir hesabatının şahidi olmuruq. İndiyə qədər də heç bir yerdə açıqlanmayıb”.
Gördüyünüz kimi dünyada asanlıqla yararlana biləcəyimiz təcrübələr var. Heç uzağa getməyək, Türkiyəyə baxsaq, nəzir qutularına toplanan vəsaitin hansı istiqamətə xərclənməsi ilə bağlı yaradılan şəffaf mexanizmi görərik.
Bəs niyə baxmırıq? Digər suallar kimi buna da cavab tapmaq olmur.
Cavab tapa bilmirik, doğrudur, amma çarə tapa bilərik. Məsələn, ianə etmək istədiyimiz vəsaiti hansısa naməlum qutuya atmaq yerinə, həqiqətən ehtiyacı olan ailələrə, hansısa tələbənin təhsil haqqına yönəldə, kiminsə sağlamlığına qovuşmasına yardım edə bilərik.
Yaxud, hər qəpiyin hesabatını verən xeyriyyə fondlarına ianə etmək mümkündür.
Elə zaman-zaman çıxışlarını izlədiyimiz, yazılarını oxuduğumuz, gözü nəzir qutusunda olmayan ilahiyyatçılarımız, ziyalılarımız, din adamlarımız da bunu məsləhət görür. Bircə qalır əməl etmək...
Nərmin Murad,
İlahə Vəliyeva,
Fuad Nazimoğlu,
Faiq Həsənov,
APA TV