Nişana gedən paytaxt sakinləri qəzaya düşdü - 3 ÖLÜ, 3 YARALI VAR
Yardımlıya nişan mərasiminə gedən ailə üzvləri qəzaya düşüb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallının Köhnə Zuvand kəndi ilə Yardımlının Ləzir kəndini birləşdirən dağlıq yolda baş verib.
Belə ki, 32 yaşlı Seymur Şirəliyevin idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq təxminən 400 metr yüksəklikdən dərəyə aşıb. Nəticədə 3 ailə üzvü - 61 yaşlı Sərnaz Şirəliyeva, 27 yaşlı Könül Şirəliyeva və 4 yaşlı Nihad Şirəliyev hadisə yerində ölüb. Onların meyitləri müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Sürücü və maşında olan digər 2 sərnişin - 22 yaşlı Rəna Mahmudlu və 2 yaşlı Nuray Şirəliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə şahidi olan Saroğlan Muradov deyir ki, avtomobil aşandan sonra yanğın təhlükəsi də olub: “Bizdə Masallı rayonunun ucqar kəndidir. Yardımlı ilə həmsərhədik. Gördük “Niva” markalı maşın yuvarlanır. Qaçdıq, çatdıq ora, gördük artıq hadisə yerində maşın tüstüləyir, qoymadıq yanmağa. Meyit var idi, 2-3 nəfər ölmüşdü. O biri yaralılar üçün də zəng elədim FHN-ə. 3 yaralı gəlib xəstəxanaya, birini mən birinci çatdırdım, o biriləri də sonra uşaqlar təcili yardım maşını ilə gətirdilər”.
Qeyd edək ki, ölən və xəsarət alanlar paytaxt sakinləridir. Xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.