Nişanlanandan dörd ay sonra şəhid oldu - REPORTAJ

Vətən Müharibəsinin şəhidi Ülvi Rəfiyevin anası Səyyarə xanım deyir ki, hər zaman oğlunu itirməkdən qorxub: “Çox ağıllı idi. Ona görə hər zaman onu itirməyimdən qorxurdum. Evdən çıxanda arxasınca baxıb dua edirdim ki, sağ-salamat qayıtsın. Evə hər dəfə girəndə sevinirdim ki, şükür qayıtdı. Niyə? Özüm də bilmirəm niyə. Hər zaman hiss etmişdim ki, bir gün onu itirəcəm. Hətta bayrağımızı hardasa görəndə çox çəkinirdim. Qorxurdum ki, Ülvi bir gün əsgər gedər, o bayrağa bükülüb şəhid gələr. Amma indi evimizin hər yeri bayraqdır”.

 

Hər an oğlunu itirəcəyi həyəcanı ilə yaşayan Səyyarə ananın qorxduğu başına gəldi. 44 günlük Vətən Müharibəsində o da övladı şəhid olan anaların sırasına qoşuldu. Sentyabrın 20-də hərbi təlimlərə qatılan Ülvi Rəfiyevin döyüş yolu oktyabrın 25-də başa çatdı. O Füzuli və Cəbrayıl rayonları uğrunda gedən şiddətli döyüşlərdən sağ-salamat çıxsa da, Xocavənd istiqamətində gedən döyüşdə şəhid oldu.

 

Bəs kim idi Vətən Müharibəsinin qəhrəman şəhidi Ülvi Rəfiyev?

 

1996-cı ildə Ordubad rayonunda anadan olan Ülvi  ailəsini, Vətənini, insanları sevərək xoşbəxt bir gənc kimi böyümüşdü. Atası Rəfail Rəfiyev, babası Qadir Rəfiyev Ordubadın sayılıb seçilən ziyalılarından idi. Ülvinin yeniyetməlik illəri isə Bakıda keçib. Xətai rayonundakı 263 saylı tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil alır. Burada o, uşaqlıqdan bəri sevərək məşğul olduğu rəqs məşğələlərini davam etdirir. Tələbələrdən ibarət “Gənclik” mahnı və rəqs ansamblının ən fəal üzvü olur. Bütün yarışlarda, beynəlxalq festivallarda, Bakıda keçirilən Avropa və İslam Həmrəyliyi oyunlarında, Formula-1 yarışlarında komanda yoldaşları ilə bərabər rəqs nömrələri ilə çıxış edir. Hətta Türkiyənin məşhur “Yetənək sizsiniz” proqramında yarımfinala kimi gəlib çıxırlar.

 

Təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanan Ülvi xidmətini Füzulidə keçir. Burada o, nümunəvi əsgər kimi komandirlərin, əsgər və zabit heyətinin rəğbətini qazanır. Daha sonra yenidən ailəsinin, dostlarının yanına qayıdıb sevdiyi peşəsi - rəqqaslıqla məşğul olur.

 

Ailəsi ilə söhbətləşərkən diqqətimizi Ülvidən qalan əşyalar, xüsusilə milli geyim çəkdi. Anası Səyyarə xanım deyir ki, Ülvi bu geyimi sevə-sevə tikdirsə də, geyinmək qisməti olmayıb. Şəhidlik zirvəsinə ucalandan sonra elə yarımçıq qalan bu geyimi dərzidən alıb evə gətiriblər. Beləcə, bu geyim Ülvidən qalan xatirə kimi indi evlərini bəzəyir. 

 

Atası Rəfail Rəfiyev isə oğlunun xəbərini belə alıb: “Oktyabrın 25-də zəhər 10 radələrində zəng elədim telefonuna, başqa bir oğlan açdı. Çox həyəcanlandım. Dedim bəs Ülvi hanı? Dedi, dayı, mən əsgər yoldaşıyam, Ülvi ayağından yaralanıb, apardılar hospitala. Gəlsəniz, yaxşı olar. Düşündüm ki, müharibədə güllə yarası olar, adi haldır”.

 

Rəfail dayı deyir ki,  o zaman Ülvinin şəhid ola biləcəyinə inanmayıb. Anasını və nişanlısını da götürüb Beyləqan istiqamətində yola çıxanda gələn ikinci zəng isə Ülvinin bu dünyanı əbədi tərk edib, şəhidlik zirvəsinə ucalmasının xəbərçisi olub: “Qazi yoldaşı deyir ki, Ülvinin yanına minomyot düşdü. Ayağından ağır yaralandı. Əvvəl özümüz bağladıq, sonra gələn təcili tibbi yardım maşınına qoyub yola saldıq, amma ermənilər maşını güllələdilər. Maşın gedə bilmədi. Bir az keçəndən sonra hərbi “KamAZ” gəldi, biz ona yerləşdirib göndərdik hospitala. Sonra həmin sürücü bir də yaralıların dalınca qayıdanda Ülvini soruşublar. Amma sürücü yolda şəhid olduğunu bildirib. Qan çox itirib, ona görə aparıb çatdıra bilməyiblər”.

 

Ülvinin anası Səyyarə xanım oğlunun şəhid olduğunu yuxuda görüb: “Həmin gün səhər əlimdə telefon Ülvidən zəng gözləyəndə mətbəxdə yuxulamışam. Yuxuda gördüm ki, Ülvi gəlib soyuducunun yanında dayanıb. Dedim, ay bala, niyə gəlmisən? Dedi, ana, artıq həmişəlik gəlmişəm. Yuxudan qorxub ayıldım. Tez nişanlısından soruşdum ki, sizə zəng edib, dedi, yox. Atasına dedim, tez yığ görək haradadır. Yığdı və ömrümün ən ağır xəbərini aldım”.

 

Səyyarə xanım deyir ki, Ülvinin arzuları bitib tükənmirdi. Hələ müharibədən 3 ay əvvəl  sevdiyi xanımla nişanlanmışdı. Həmişə deyərdi ki, müharibə qurtarsın, özümə möhtəşəm toy edəcəm və toyda mütləq “Zeybək” rəqsini oynayacağam. Nişanının dördüncü ayının tamamında şəhid olan Ülviyə şan-şöhrətli toy etmək nəsib olmasa da, nəşi gətirilən zaman insan seli bütün yolları bağlayıb: “Üzünü açdılar ki, biz baxaq. Üzündə təbəssüm mələk kimi uyuyurdu. Bircə saçları dağılmışdı alnına. İstədim saçlarından oxşayam, düzəldəm, qoymadılar. Atası qucaqladı ağladı. Nur üzlü yatırdı”.

 

Ülvinin babası Qadir Rəfiyev deyir ki, həyatında bir çox ağır günlər, itkilər yaşayıb. Amma bu qədər həm şərəfli, həm də ağır acısı olmayıb: “Ülvi körpəlikdən hamımızın sevimlisi idi. Şən, deyib-gülən, savadlı bala idi. Hər dəfə qucağıma alanda, hər dəfə onu yerə qoyanda onun üzündəki məsumluq mənim heç vaxt yadımdan çıxmaz. Bu gün onun yatdığı çarpayıya, yeridiyi evə, onun fotoşəkillərinə baxdıqca insan həyatı tar-mar olur. Bir təsəllim odur ki, bu itkinin ünvanında xalqımızın, ölkəmizin qazandıqları oldu. Mən fəxr edirəm ki, qazanılan müvəffəqiyyətlərdə mənim də şəhidimin rolu olub, onun qanı tökülüb”.

 

Bax, şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Təki sən sağ olasan, Vətən!

 

Şəhid Ülvi Rəfiyev Suraxanı rayonunda yerləşən Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

İlahə Vəliyeva

Faiq Həsənov

APA TV 

Müəllif | Apa.Tv
Apa.tv