Niyə hər külək əsəndə inzibati binaların damı uçur?
Güclü külək məktəbin dam örtüyünü uçurdu. Külək filan dövlət qurumunun fasadını qopardı... Bu cür xəbərlərə hər külək əsəndə rast gəlirik.
Son vaxtlar isə əsas diqqəti bir məqam çəkir. Külək əsən kimi niyə təkcə dövlət müəssisələrinin dam örtükləri, fasadları havalanır? Axı külək bu müəssisələri qəsdlə seçmir?
Məsələn, təkcə Suraxanı rayonunda yerləşən 278 nömrəli məktəbin dam örtüyü 3 dəfə havalanıb. İlk dəfə 2008-ci ildə, yəni məktəbin əsaslı təmir olunduğu il, ikinci dəfə 2019-cu ildə, 3-cü dəfə isə bu yaxınlarda.
Bəs bunun səbəbi nədir?
Tədqiqatçı, ekspert Elçin Əliyev deyir ki, layihənin müəllifi, memar mütləq texnoloji və keyfiyyət nəzarəti etməlidir: “Nəzarət də havayı deyil. Buna da vəsait ayrılır. Amma bu vəsait nəzarətçiyə verilmir. Nəticədə də fəhlə öz nəzər nöqtəsindən tikinti-təmir işləri aparır və keyfiyyətə də elə özü nəzarət edir. Belə olan halda da bədbəxt hadisələr qaçılmaz olur. Yeyinti faktı ola bilər. Əsas nəzarət olmalıdır ki, belə hadisələrə rast gəlməyək”.
Digər ekspertlər də düşünür ki, dövlət təyinatlı müəssisələrdə tikinti işləri aparılarkən ucuza qaçmaq, fəhləni usta kimi işlətmək, keyfiyyətsiz tikinti materiallarından istifadə etmək bu kimi hadisələrin sayının artmasına səbəb olur.
Təhlükəsizlik məsələləri üzrə ekspert Ramin Məmmədov deyir ki, binaların üzlükləri, dam örtükləri, metal konstruksiyaları, məhəccərləri elə bərkidilməlidir ki, bütün əlverişsiz hava şəraitlərinə uyğun olsun: “20-30 metr uzunluğu olan məktəblərdə və ya binaların üzərində taxta seçimi də düzgün olmalıdr. 15 santimetrlik taxta olmalıdır ki, küləyin sürətinə dözə bilsin. O ki qaldı sözügedən məktəbin binasının bir neçə dəfə uçması məsələsinə, böyük ehtimalla orada keyfiyyətsiz tikinti materiallarından istifadə olunub. Ümumiyyətlə, binaların dam örtüyü vurularkən dörd bir tərəfdən bərkidilməlidir”.
Ekspertlər düşünür ki, bina tikintisi zamanı coğrafi mövqe, əraziyə aid hava şəraiti mütləq nəzərə alınmalıdır. Amma təəssüf ki, Azərbaycanda bu kimi incə məqamlara bir çox hallarda diqqət edilmir. Əksər hallarda isə binanı tikən və ya təmir edən şirkət əməlinin gələcəkdə hansı faciələrə yol aça biləcəyini düşünmür, mənəvi məsuliyyətlə yanaşı, hüquqi cavabdehlik daşıdığını da tam anlamır.
Hüquqşünas Şamil Paşayev deyir ki, mövcud qanunvericilikdə bu cür saxtakarlığa, biganəliyə yol verənlərlə bağlı sərt cəzalar var.
Onun sözlərinə görə, bu cür hallarda təyin edilən ekspertizadan sonra mənimsəmə, yeyinti faktı aşkarlanarsa, həmin müəssisənin rəhbəri ilə yanaşı, iş icraçısı da məsuliyyətə cəlb edilir: “Binanın və ya dam örtüyünün tikintisi zamanı qəbul olunmuş tikinti materaillarından deyil, keyfiyyətsiz məhsullardan istifadə edilməsi faktı açkarlanarsa bu işi görən şəxslər müvafiq maddələrlə cinayət məsuliyətinə cəlb oluna bilərlər. Bunlardan biri də, Azərbaycan Respublikası Cinayət məcəlləsinin 308-ci maddəsidir, yəni vəzifə səlahiyyətlərindən sui-istifadə etmə. Eyni zamanda Azərbaycan Respublikası Cinayət məcəlləsinin 179-cu maddəsiylə mənimsəmə faktı kimi hallarla məsuliyyətə cəlb edilə bilərlər”.
Əslində bu yeni problem də deyil. Bəlkə də 100 yaşı var. Yaxşı haldı, yoxsa pis bilmirik, amma az qala mədəniyyət nümunələrimizin yaranmasında da rol oynayıb.
Gördünüzmü, əslində heç nə dəyişməyib. Bəs indən belə dəyişəcəkmi? Bu suala növbəti dəfə güclü külək əsəndə cavab tapacağıq.
AYTƏN SAKİTQIZI
XƏYAL İSKƏNDƏROV
APA TV