Nizami adına mərkəzin yaradılmasına kimlər mane oldu?
Bu gün Bakı Dövlət Universiteti (BDU) və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Tədbirdə dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra videotəqdimat və BDU-nun infoturu təqdim olunub.
Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, Ulu Öndər Heydər Əliyev daim Nizami irsinə diqqətlə yanaşıb. Onun sözlərinə görə, Heydər Əliyevin Nizami irsinə verdiyi dəyər bu gün də Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilir: “Bu gün BDU və Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə səyləri və mötəbər qonaqların,tanınmış elm xadimlərimizin iştirakı ilə gerçəkləşdirilən böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi mədəni irsi mövzusunda Beynəlxalq elmi konfrans olduqca mühüm əhəmiyyət kəsb edir. Mən öncədən təşkilatçılara öz dərin təşəkkürümü bildirirəm. Bu formal təşəkkür deyil. Konfransın son dəqiqələrinədək hər bir məsələ diqqətdə saxlanılır. Düşünürəm ki, bu səmərəli əməkdaşlığın ən gözəl nümunələrindən biridir. Biz qarşıdan gələn illərdə də səyləri birləşdirməklə belə yüksək səviyyəli tədbirləri keçirə bilərik.”
Daha sonra çıxış edən Lomonosov adına Moskva Dövlət Universitetinin Humanitar elmlər kafedrasının professoru Nazim Səfərov böyük Azərbaycan şairinin yubileylərinin hər zaman beynəlxalq səviyyədə qeyd olunduğunu vurğulayıb. O bildirib ki, 2013-cü ildə Oksford Universitetində Nizami Gəncəvinin adını daşıyan Elmi Mərkəz yaradılıb. Mərkəz bu gün də fəalyyətini davam etdirir və burada Qafqaz, Orta Asiya öyrənilir: “Bu mərkəz Birləşmiş Krallığın Azərbaycanın hərtərəfli sistemli öyrənən ilk və yeganə elmi akademik qurumdur. 2018-ci il aprelin 23-də Oxford Universitetinin Bodleyn kitabxanasının əsas binasında Professor Nərgiz Paşayevanın və kitabxanın direktoru “ABŞ Filosoflar Cəmiyyətlərinin” və “London Antik kitab və nadir əşyaların qorunması Cəmiyyəti”nin üzvü Riçard Ovenhem keçirilən görüş zamanı şərqşünaslıq İnstitunun kitabxanasına Nizami Gəncəvinin adı verilib.”
Akademik Nizami Cəfərov da Nizamı Gəncəvi mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, İlham Əliyevin verdiyi sərəncam Nizami Gəncəvi irsinə marağın daha da artırılmasına səbəb olub. İngiltərədə açılan mərkəz barədə fikir bildirən akademik əlavə edib ki, burada da dırnaqarası dostların əngəllələri ilə qarşılaşıblar: “Mən mərkəzi bir neçə dəfə mərkəzin işində iştirak etmişəm. Bizim dırnaqarası dostlarımız belə bir mərkəzin açılmasına mane olmaq üçün əllərindən gələni etdilər. Amma buna nail ola bilmədilər. Bilirsiniz ki, Azərbaycan Nizami Gəncəvinin adı ilə öyrənilir. Bizim ən böyük problemlərimizdən biri də odur ki, öz şəxsiyyətlərimizi dünya qarşısında məhs özümüzün olduğunu sübut edirik. Yəni bu da mürəkkəb məsələdir. Ona görə də, belə cəhdlər, təşəbbüslər artıq Azərbaycanı yüksəldən təşəbbüslərdir. Ölkəmiz inkişaf etdikcə, öz şəxsiyyətlərinə sahib çıxır”.
Qeyd edək ki, konfransda “Nizami Gəncəvi bəşəri ideyalar carçısı kimi”, “Fəlsəfi fikir tarixində Nizami fenomeni”, “Azərbaycan ədəbiyyatında Nizami ənənələri”, “Nizami və tarix”, “Nizami və folklor”, “Nizami və dünya ədəbiyyatı”, “Nizami və türk xalqları ədəbiyyatı”, “Nizami əsərlərinin mənbələri”, “Nizami yaradıcılığında didaktika”, “Nizaminin ictimai baxışları”, “Nizami irsi dünya mədəniyyəti kontekstində”, “Nizamişünaslıq müasir mərhələdə”, “Nizami əlyazmalarının mətnşünaslıq baxımından öyrənilməsi”, “Nizami əsərlərinin tərcüməsi məsələləri: təcrübə, problemlər, həll yolları” və başqa istiqamətlər üzrə müzakirələr aparılacaq.
Konfrans sabah da davam edəcək.
Fuad Sadıqov
Xəyal İskəndərov
APA TV