Nizami Səfərov: “Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb”
Bu gün Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının ofisində “Müharibə və soyqırım cinayətləri beynəlxalq hüquq kontekstində” adlı dəyirmi masa keçirilib.
APA TV-nin məlumatına görə, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev beynəlxalq cinayətlər çərçivəsində soyqırım cinayəti və ümumiyyətlə, xalqımıza qarşı törədilmiş müharibə cinayətlərinin beynəlxalq hüquq konteksində yerinin müzakirə edildiyini bildirib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov isə bildirib ki, Ermənistan müharibə zamanı mənəvi sərvətlərin qorunması haqqında konvensiyanın iştirakçısı olsa da, 30 il müddətində bütün tələbləri pozub: “Bu, Ermənistan tərəfindən beynəlxalq hüquqa sərgilənən məsuliyyətsiz davranışdır. Ermənistan iştirakçısı olduğu konvensiyaların şərtlərini, tələblərini total şəkildə pozur. Bizim mədəni sərvətlərimizə vurulmuş ziyan, ümumiyyətlə, dəymiş ziyanın qiymətləndirilməsi kontekstində qiymətləndirilməlidir. Ermənilər tərəfindən Azərbaycan ərazisindən çıxarılan mədəni sərvətlər də özümüzə qaytarılmalıdır. Bu işdə UNESCO, BMT, istərsə də ayrı-ayrı qərb ölkələri iştirak etməlidir. Mədəni irsə vurulan ziyan ödənilməlidir. Belə cinayətlər törədən şəxslər ədalət mühakiməsi qarşısında cavab verməlidir. Təəssüf ki, bu sahədə də biz ikili standartların şahidiyik”.
Nizami Səfərovun sözlərinə görə, artıq Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb: “BMT çərçivəsində də bununla bağlı müəyyən təcrübələr mövcuddur. Dəymiş ziyanın ödənilməsi ilə bağlı BMT çərçivəsində bizim müəyyən hüquqi səlahiyyətlərimiz var. Yəqin ki, bununla bağlı müraciətlər edəcəyik. Artıq Ermənistan Azərbaycana dəymiş ziyanın ödənilməsinə başlayıb. Üçtərəfli bəyanata əsasən, Ermənistanın işğaldan azad edilmiş ərazilərdən öz qoşunlarını çıxarması dəymiş ziyanın ödənilməsinin bir hissəsidir. Dəymiş ziyanın ödənilməsinin 3 forması var: Dəymiş ziyandan öncə mövcud olan vəziyyətin bərpası, ikinci kompensasiya, üçüncü beynəlxalq hüquqa zidd hərəkət edən dövlətin üzr istəməsi. Artıq Ermənistan bunun birinci formasını həyata keçirib. Beynəlxalq hüquqi müstəvidə bunu edib. Kompensasiya məsələsi ilə bağlı da dövlətimiz lazımi addımları atır”.
Deputat Vüqar İskəndərov isə ermənilərin 200 ildən artıq müddət ərzində Azərbaycan xalqına qarşı soyqırım və digər cinayət hadisələrini törətdiyini, lakin beynəlxalq hüquq qarşısında hələ də layiqli cəza almadıqlarını bildirib: “Biz indi çalışırıq ki, Ermənistan Azərbaycana vurduğu zərərləri ödəsin və dünya birliyinə erməni vəhşiliklərin çatdıra bilək. Mən düşünürəm ki, əgər Ermənistan istəyirsə ki, dövlətçilik ənənələri qalsın, dövləti qalsın, erməni xalqı normal bir ölkədə yaşasın, onlar öz milli idealogiyalarında, siyasətlərində, Azərbaycana, Türkiyəyə qarşı məkrli siyasətlərindən əl çəkməlidirlər. Çünki bu proseslər davam edir. Gələcəkdə yenə baş verə biləcəyi istisna deyil”.
Dəyirmi masada çıxış edən deputat Nigar Arpadarai isə bildirib ki, Ermənistanın məsuliyyətə cəlb olunması üçün birgə çalışılmalıdır.
“Ermənilərin Azərbaycana qarşı etdikləri birdəfəlik akt deyil. Onlar sadəcə Xocalı soyqırımı etməyiblər. Diplomatlarımız bu istiqamətdə səylərini əsirgəməyəcəklər”, - deyə deputat bildirib.
Xələf Xələfov,
Əli Əkbər,
APA TV