Növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyaların sayı 21-ə çatıb
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2226 nəfər müraciət edib.
APA- Tv-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.
MSK sədri deyib ki, namizədlərin 461 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: “16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.
M.Pənahov qeyd edib ki, müraciət edən şəxslərin 2066 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib: “Onlardan 1903 nəfəri isə imza vərəqələrini götürüb, 580 nəfər dolduraraq qaytarıb, 285 nəfər isə qeydə alınıb”.
İclasda həmçinin Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirə olunub.Məsələ səsəverməyə çıxarılıb və 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib.
MSK-nın bu günkü iclasında Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl 20 siyasi partiyanın – Vətəndaş və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Təkamül Partiyası, Müsavat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.