Novruz şənlikləri, kütləvi tədbirlər və toylar təxirə salınır - KORONAVİRUS TƏHLÜKƏSİ

Koronavirus təhlükəsinə görə, paytaxtda və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilir. 

 

APA TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

 

Məlumatda bildirilir ki, virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib. Bununla əlaqədar Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilir.

 

Qərargah mütəxəssislərlə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır. Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan, qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir.

 

Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşlar bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə çağırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv