Noyabrın 7-dən 4 şəhər və 10 rayona giriş-çıxış dayandırılır – 190 MANAT YARDIM VERİLƏCƏK
Ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərər alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah müxtəlif şəhər və rayonların ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair qərar qəbul edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, Qərara əsasən 2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində ictimai nəqliyyatın fəaliyyəti yalnız həftə sonları dayandırılırdı. 2020-ci il 7 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək həmin ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq.
Bu şəhər və rayonlarda:
- İqtisadiyyat Nazirliyi tərəfindən bu şəhər və rayonlarda muzdlu işçilərin əmək haqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi tapşırılıb.
Noyabrın 7-si saat 00.00-dan dekabrın 1-i saat 06.00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərinin, Ağstafa, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba və Xaçmaz rayonlarının inzibati ərazisinə giriş-çıxış dayandırılır.
Nazirlər Kabineti yanında Operativ Qərargah yuxarıda sadalanan şəhər və rayonların sakinlərinə ciddi şəkildə evdə qalmağı tövsiyə edir, karantin rejiminin qaydalarına əməl etməyə çağırır.