Nur-Sultanda Gəncə terrorunun qurbanları anılıb
Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə hücumu 300 minədək soydaşımızın yaşadığı Qazaxıstanda hiddətlə qarşılanıb.
APA TV-nin xəbərinə görə, Azərbaycanın bu ölkədəki səfirliyinin qarşısına faciə qurbanlarını anmaq üçün xatirə guşəsi yaradılıb.
Ermənistanın Azərbaycana təcavüzünü, mülki şəxslərə və şəhərlərə hücumunu, uşaqların öldürülməsini pisləmək məqsədilə Azərbaycanın Qazaxıstandakı səfirliyinin önünə yerli xalqların nümayəndələri və burada yaşayan soydaşlarımız toplaşıblar. Onlar Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirərək terrora, erməni vandalizminə son qoyulmasını tələb edirlər.
Paytaxt Nur-Sultan sakinlərinin dəstə-dəstə gələrək ziyarət etdikləri anım guşəsində Ermənistan ordusunun 17 oktyabrda ikinci dəfə raket hücumu etdiyi Gəncədə dinc əhalinin öldürülməsini əks etdirən məlumatlar, “Erməni təcavüzünə son”, “Gəncə üçün dua et”, “Mülki şəxslərə hücumlara son” kimi şüarlar, həyatını itirən uşaqların fotoları yerləşdirilib. Ziyarətçilər səfirliyin önünə əklillər və gül-çiçək dəstələri qoyublar, raket hücumunu və uşaq ölümlərini əks etdirən fotoşəkilləri özləri səfirliyin hasarına asıblar.
Qeyd edək ki, anım guşəsi bir neçə gün səfirliyin önündə qalacaq və arzu edən şəxslərin ziyarətinə açıq olacaq.