Nursultan Nazarbayev Türk Şurasının Fəxri Prezidenti oldu

“Biz bu gün çox yaxşı fikir mübadiləsi apardıq”.

 

APA TV-nin xəbərinə görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının açılışında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

 

O bildirib ki, iclasın gündəliyi çox zəngindir: “Gündəliyimizə beynəlxalq təşkilatlarla və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasına üzv olmayan ölkələrlə əməkdaşlıq məsələləri daxildir. Eyni zamanda Şura rəhbərinin quruma üzv ölkələr arasında əməkdaşlığın koordinasiya edilməsi ilə bağlı təklifləri müzakirə olunacaq. İclasda Türk Akademiyasının fəaliyyətinin genişləndirilməsi də diqqət mərkəzində olacaq”.

 

İclasda Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevə Türk Şurasının Fəxri Prezidenti statusu verilib, həmçinin Fəxri Prezidentlə bağlı Əsasnamənin təsdiq edilməsi qərara alınıb.

 

Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi qeyd edib ki, iclasda Şuranın Budapeştdə açılan nümayəndəliyinin fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi məsələsi müzakirə olunub.

 

Nazir qeyd edib ki, hazırda Azərbaycanla Qazaxıstan arasında münasibətlər yüksək səviyyəli və qarşılıqlı faydalı əməkdaşlıqla xarakterizə olunur. Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev və Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş əməkdaşlıq xətti bu gün davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv