Nuşirəvan Məhərrəmli: “12 dəqiqə məhdudiyyəti siyasi reklamlara da aiddir”

“Əvvəlki parlament seçkiləri ilə müqayisədə Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər rekord sayda deputatlığa namizəd qeydə alınıb”.

 

APA TV-nin məlumatına görə, bunu bu gün "Seçkinin mediada işıqlandırılması" mövzusunda keçirilən informasiya sessiyasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

 

O deyib ki, dünənə olan məlumata görə, 1534 deputatlığa namizəd qeydə alınıb.

 

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova isə çıxışında 2019-cu ilin Azərbaycan tarixində köklü islahatlar ili kimi qalacağını bildirib. Onun sözlərinə görə, islahatlar cəmiyyətin bütün institutlarına və təsisatlarına təsir göstərəcək: “Milli Məclisə növbədənkənar seçkilər daha çevik, daha peşəkar deputat korpusunun formalaşmasına hədəflənib. Seçkilərdə vətəndaş cəmiyyəti institutları fəallaşır. Media orqanları təşviqat mərhələsində hər bir namizəd üçün bərabər şərait yaratmalıdır”.

 

Milli Televiziya və Radio Şurasının sədri (MTRŞ) Nuşirəvan Məhərrəmli isə deyib ki, bir saat ərzində 12 dəqiqə reklam verilməli, seçki təşviqatı zamanı da buna əməl edilməlidir:

“Bəzən telekanallar 1 saatda 12 dəqiqəlik reklam vaxtı məhdudiyyətini unudur, hesab edir ki, siyasi təşviqatla bağlı məsələyə 12 dəqiqə vaxt daxil deyil. Bu vaxt çərçivəsi siyasi reklamlara da aiddir. İctimai Televiziyada reklamın 1 saniyəsi üçün minimum 22 manat, maksimum 65 manat müəyyənləşib. Bu, normal qiymətdir və namizədlər də bunu nəzərə almalıdır. İctimai Televiziyada vaxtın bölüşdürülməsi, püşkatma şəffaf keçirilir”.

 

Qeyd edək ki, səsvermə günü Mətbuat Şurasının “qaynar xətt”i fəaliyyət göstərəcək. “Qaynar xətt”ə daxil olan məlumatlar dərhal Mərkəzi Seçki Komissiyasına ötürüləcək.

Müəllif | Apa.Tv
Apa.tv