O, döyüş meydanında iki yüksək rütbəli erməni zabitini məhv edib

Vətənin bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn gənclərdən biri,  Ucar rayonun Qazyan kənd sakini, 1994-cü il təvəllüdlü, Xüsusi Təyinatlı Qüvvələrin giziri Vüqar Telman oğlu Ələkbərovdur.

Vüqar Ələkbərov 2014-cü ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra hərbiçi olmağa qərar verib. Vüqar Vətən Müharibəsi başlayan günə kimi müxtəlif təlimlərdə iştirak edib və Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi 2020-ci il sentyabrın 25-i müharibə zonasına yollanıb.

Döyüşlərdə kəşfiyyatçı kimi xidmət edən Vüqar Ələkbərov Murovdağın, Xocavəndin, Cəbrayılın və Fizulinin azad olunmasında iştirak edib. Oktyabrın 12-si Fizulinin azad edilməsində gedən şiddətli döyüşdə şəhid olub. Oktyabr ayının 15-i Qazyan kənd qəbiristanlığında dəfn edilib.

Şəhidin atası Telman Ələkbərov deyir ki, Vüqar hələ uşaqlıqdan vətənə, torpağa bağlı olub. Müharibənin ilk günlərindən döyüşlərdə iştirak edib. Ermənilərin iki yüksək rütbəli zabitini və 20-dən artıq əsgərini məhv edib.

Şəhidin anası Şainat Ələkbərova deyir ki, Vüqar hələ orta məktəb illərindən torpaqlarımızın düşmən tapdağı altında olması ilə barışa bilməyib. Şəhid anası onuda qeyd edib ki, oğlu ilə son danışığı oktyabr ayının 12-də səhər saatlarında olub. O, hər şeyin normal olduğunu bildirib.

Gizir Vüqar Ələkbərov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə"  medalları ilə  təltif olunub.      

 

 

 

Zahid Abışov, Devran Əsgərov, APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv