O, Talış yüksəkliyini və 21 düşmən postunu ələ keçirib
Biz 44 günlük Vətən müharibəsində öz qəhrəmanlığı ilə əsrlər boyu dastana dönən igidlərimizi tanıdıq. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimizdən biri də Rauf Əliyevdir. 27 sentyabr tarixində Vətənə son borcunu verməyə gedən Rauf Əliyev Ağdərə və Suqovuşan uğrunda döyüşlərdə fəal iştirak edib, Suqovuşanın azadlığı uğrunda vuruşaraq qəhramancasına şəhid olub.
APA TV-nin yerli bürosu xəbər verir ki, Əliyev Rauf İlyas oğlu 1993-cü il tarixdə Şamaxı şəhərində anadan olub. 2012-ci ildə Sumqayıt Musiqi Kollecində tar ixtisası üzrə təhsil aldıqdan sonra hərbi xidmətə yola düşüb. Hərbi xidmətini başa vuraraq Qobustan şəhər Uşaq İncəsənət Məktəbində müəllim kimi fəaliyyət göstərib. Vətən müharibəsi başlayanda Rauf cəbhəyə yola düşüb.
Rauf evin tək oğlu idi, nişanlı idi. Sevib-seçdiyi qızla ailə həyatı quracaqdı, amma Vətən sevgisini, hər şeydən uca tutdu. Yaxınları deyir ki, onun heç nədən qorxusu olmayıb:
- Rauf çox vətənpərvər mərd oğul idi, heç nədən qorxusu yox idi. Talış yüksəkliyini və 21 post alınmasında iştirak etmişdi. Suqovuşanda şəhid oldu. Onun yanındakı qazi deyir ki, Rauf qəlpə yarasından şəhid olub. Mən onunla fəxr edirəm... O, döyüşlərə könüllü getdi. O, aprel döyüşlərinə də bizə demədən könüllü gedib yazılmışdı.
-O, çox vətənpərvər, qürurlu idi, o aprel döyüşlərində də iştirak etmək istəyirdi, vətənini canından çox sevirdi, Vətən müharibəsində canını qurban verdi, şəhidlik zirvəsinə ucaldı. Allah şəhidlərimizə rəhmət eləsin, ailəsinə səbr diləyirik, anasının, atasının əllərindən öpürük.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rauf Əliyev ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. Bununla yanaşı Şamaxı şəhərində şəhid Rauf Əliyevin adını əbədiləşdirmək üçün küçələrdən birinə onun adı verilib.
Şahnəzər Bəşirov