O, vətən müharibəsində yaralanmış, yarası sağalmamış döyüşə qatılmışdı
Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olan hərbçilərimizdən biri də Əli Azad oğlu Tağıyevdir. Şəhid Əli Tağıyev 1998-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində dünyaya göz açıb. Uşaq yaşlarında ailəsi ilə birlikdə Şirvan şəhərinə köçüblər. O, vətən müharibəsindən bir neçə ay qabaq könüllü olaraq hərbiyə sənəd verib və kəşfiyyat ixtisasını seçib. Kursu müvəffəqiyyətlə bitirdikdən sonra N saylı hərbi hissənin briqada kəşfiyyatında müddətdən artıq hərbi qulluqçu kimi baş kəşfiyyatçı vəzifəsinə təyin olunub. 2020-ci ildə başlayan Vətən müharibəsində Talış, Suqovuşan istiqamətində gedən döyüşlərdə, Suqovuşan ərazisində döyüş zamanı artreliya atəşi nəticəsində qəlpə yarası alıb. Hərbi hosbitala yerləşdirildikdən 10 gün sonra qəlpə yarası tam sağalmamış könüllü olaraq yenidən döyüşlərə qatılıb və Vətən müharibəsi bitənədək döyüşlərdə iştirak edib. Nümunəvi xidmətinə görə Müdafiə Nazirliyinin Təlim Tədris mərkəzinə gizir kursuna göndərilib. Kursu müvəffəqiyyətlə bitirdikdən sonra rütbəsinə uyğun olaraq, həmin hərbi hissədə kəşfiyyat qrup komandiri vəzifəsinə təyin olunub. Vətən müharibəsindən sonra baş verən bütün tədbirlərdə iştirak edib. Qeyd edək ki, O, 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə prezidentin sərəncamı ilə “Cəsur döyüşçü”, “Suqovuşanın Azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.