Ödədiyiniz artıq pullar geri qaytarılır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin dövlət büdcəsinə artıq ödənilmiş məbləğlərinin qaytarılması üçün yeni mexanizm hazırlayıb. İxrac fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin artıq ödəmə məbləğləri nəzarət tədbirlərinə məruz qalmadan çevik şəkildə qaytarılacaq.

 

Artıq ödənilmiş vergilərin qaytarılması üzrə vergi ödəyicilərinə münasibətdə müəyyən şərtlər mövcuddur. İlk növbədə, vergi ödəyicilərinin fəaliyyəti ixrac sahəsini əhatə etməli, riskli vergi ödəyicisi olmamalı, riskli vergi ödəyicisindən elektron qaimə-faktura əldə etməməlidir. Eyni zamanda açıq səyyar vergi yoxlaması və təqdim edilməmiş bəyannaməsi olmamalıdır. Bundan başqa bəyan edilmiş əmək haqqı məbləği orta aylıq əmək haqqı məbləğindən aşağı ola bilməz. 

Qeyd edək ki, vergi ödəyicilərinin məmnunluğunun artırılması məqsədilə 2021-ci ildən artıq ödənilmiş vəsaitlərin geri alınması prosesini özündə əks etdirən “Vahid elektron lövhə” istifadəyə verilib. Vergi ödəyiciləri bu lövhə vasitəsilə müraciətlərinin hər mərhələsini izləyə, onun geri qaytarılması ilə bağlı prosesə şəxsən nəzarət edə bilirlər.

Müəllif | Apa.Tv
Apa.tv