Oğurluq edən dostlar tutuldu – ŞƏMKİRDƏ ƏMƏLİYYAT
Şəmkirdə oğurluq edən şəxslər saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 800 manat dəyərində oğurluq edən, əvvəllər də məhkum olunmuş Rövşən Nağıyev tutulub: “Parkda gəzirdim, həm kefli idim, həm də narkotik qəbul etmişdim. Gördüm kompüter olan bir otaq var, daxil oldum, tanımadığım adama satdım”.
DİN-in əməkdaşı Eşqin Qasımov deyir ki, Rövşən Nağıyevin üzərindən narkotik də götürülüb: “Bundan başqa Rövşən Nağıyevin Şəmkir RPŞ-də üzərinə qanunla müəyyən edilmiş qaydada baxış keçirilən zaman, onun üzərindən 46.607 qram narkotik vasitə “tiryək” aşkar edilərək götürülüb”.
Davam etdirilən tədbirlər nəticəsində Rövşən Nağıyevin, tanışı Samir Mehdiyevlə birlikdə inzibati binalardan birinə daxil olaraq oradan 1 ədəd kompüteri oğurladığı da məlum olub: “Planlaşdırdıq, bu daxil oldu içəri, mən də gözətçi kimi dayandım. Kompüteri götürüb çıxanda gördüm onu tutdular mən də qaçdım”.
Faktla bağlı araşdırmalar davam etdirilir.