Oğurluq edən şəxs: “Telefonu oteldə işləyənə dərs vermək üçün götürdüm”
Qazaxda narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şükür Məmmədov saxlanılıb. DİNin mətbuat xidmətinin əməkdaşı Eşqin Məmmədovun sözlərinə görə, o, həmyerlisinə 0,092 qram metamfetamin satmaqda şübhəli bilinib: “Şöbədə Şükür Məmmədovun üzərinə baxış keçirilən zaman ona məxsus siqaret qutusunun içindən 0.313 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb. Aşkarlanan narkotik vasitə ekspertizaya təqdim olunub”.
Araşdırmalarla müəyyən edilib ki, Şükür Məmmədov təkcə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmayıb. Onun avqustun 29-u Qazaxdan Bakıya gedən zaman yolüstü Göygöl rayonunda yerləşən yanacaqdoldurma məntəqəsindən 300 manat dəyərində mobil telefon və 500 manat nağd pul oğurladığı müəyyən edilib.
Saxlanılan Şükür Məmmədov törətdiyi əməli etiraf edib: “Mən telefonu oğurluq və yaxud da tamah məqsədi ilə götürməmişəm. Sadəcə olaraq yanacaqdoldurma məntəqəsinin hotelində işləyənə dərs olsun deyə özümlə götürdüm. Guya öz dilimdə buna bir dərs verirdim”.
Saxlanılan Şükür Məmmədov barəsində yerli məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV