Oğuzda 17 yaşlı oğlan çaqqal hücumuna məruz qalıb

Oğuzda 17 yaşlı oğlan çaqqal hücumuna məruz qalıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Ərmənət kəndində qeydə alınıb. Kənd sakini, Murad Seyidəhmədov yaşadığı evin darvazasından küçəyə çıxarkən çaqqal ona qəfil hücum edib. Gənc oğlan özünü müdafiə etməyə çalışsa da yırtıcı Murad Seyidəhmədovun sağ ayağının diz nahiyəsindən dişləyib. Ona Oğuz Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib və quduzluğa qarşı peyvənd olunub.  

Kənd sakinləri vəhşi heyvanların quduz olmasından narahat olduqlarını deyirlər. Hadisə ilə əlaqədar kənd sahə baytarlıq məntəqəsindən isə bildirildi ki, narahatçılığa səbəb yoxdur. Çünki kənddə olan heyvanlara quduzluq əlehinə peyvənd vurulub. Fevral ayında isə təbiətdəki canlıların da peyvəndlənməsi üçün kəndətrafı meşəliklərə 400 dozalıq peyvəndli qida qoyulub.

Qeyd edək ki, bundan öncə də çaqqal daha iki adama hücum edib. Lakin yırtıcı kənd sakinləri tərəfindən öldürülüb.

 

Müəllif | Apa.Tv
Apa.tv