Oğuzda iribuynuzlu heyvanlar arasında kütləvi tələfat qeydə alınıb
Oğuzda iribuynuzlu heyvanlar arasında kütləvi tələfat qeydə alınıb.
APA TV-nin məlumatına görə, hadisə sentyabrın 17-də günün ikinci yarısında rayonun Tərkeş kəndində qeydə alınıb.
Kənd sakinlərinə məxsus iribuynuzlu heyvanlardan ibarət naxır kəndin inzibati ərazisindəki örüş sahəsində otlayan zaman 10-dan artıq iribuynuzlu heyvanın vəziyyəti pisləşməyə başlayıb. Qısa müddət ərzində sakinlərə məxsus 16 baş iribuynuzlu heyvan tələf olub.
Hadisə barədə sakinlər Oğuz rayon Baytarlıq İdarəsinə və kənd məntəqəsinə xəbər veriblər. Oğuz rayon Baytarlıq İdarəsinin rəisi Şavəddin Ramazanovun dediyinə görə, idarənin məsul şəxsləri əraziyə gələrək yerində tanış olublar. Bir neçə ölmüş iribuynuzlu heyvandan müayinələr götürülüb. İlkin müayinə zamanı mal-qaranın otladığı sahədə zəhərli otların olduğu üzə çıxıb.
Ölmüş heyvan leşlərindən götürülmüş nümunələr analiz edilməsi üçün sentyabrın 18-də Respublika Baytarlıq İdarəsinin laboratoriyasına göndəriləcək.