Oktay Kaynarca: “Bakıda ev almağı fikirləşirəm”
Məşhur türk aktyoru, illər əvvəl Azərbaycan tamaşaçısının da maraqla izlədiyi “Kurtlar vadisi” serialından “Çakır” kimi tanıdığı Oktay Kaynarca Bakıya gəlib.
APA TV-nin məlumatına görə, Bakıda geyim mağazasının açılışında iştirak edən sənətçi böyük izdihamla qarşılaşıb.
Azərbaycana 3-cü dəfə gəldiyini dəyən aktyor heç bir səfərində özünü yad hiss etmədiyini deyir: “Mən bilirəm ki, bizi sevənlər Türkiyədəki kimi burda da çoxdur. Bunu qarşılaşdığım izdihamdan görürəm. Azərbaycanın bizim üçün önəmi budur”.
Oktay Kaynarca Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu, gəlib-gedərkən pasporta da gərək qalmadığını vurğulayıb. "Yaşadığınız ölkənin qədrini bilin. Hətta öz-özümə fikirləşirəm ki, burada ev alım. Bakı çox gözəl şəhər olub, məncə, getdiyimiz bir çox Avropa şəhərlərindən daha gözəldir".
Azərbaycan və Türkiyə kinemotoqrafçılarının birgə işi olarsa, iştirak etmək istədiyini deyən aktyor çəkilişlərinin çox olduğunu bildirib.
Bir müddət əvvəl vəfat edən türkiyəli aktyor Tarık Ünlüoğlu haqqında da fikirlərini bölüşərək, izləmə rekordu yeniləyən "Eşkiya dünyaya hükmüdar olmaz" serialında onun yerini dolduracaq sənətçinin olmadığını deyir.
Tədbir bitdikdən sonra aktyor onu görməyə gələn pərəstişkarlarına yaxınlaşıb, foto çəkdirib.