Oleq Burdaqin Heydər Əliyev haqqında hansı maraqlı faktları dedi?
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Paylayıcı şəbəkələrin rəqəmsallaşdırılmasının dünəni-bugünü-sabahı”adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. “Azərişıq” ASC-nin mədəniyyət paytaxtımız Şuşada təşkil etdiyi konfransdan öncə tədbir işitirakçıları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Konfransda dövlət qurumlarının rəsmiləri yanaşı, Türkiyə, Almaniya, Belçika, Rusiya, Qırğızıstan və Tatarıstan Respublikasından gələn nümayəndələr iştirak ediblər. Konfransı giriş sözü ilə açan “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bildirib ki, Ümummilli lider Heydər Əliyevin 1970-80-ci illərdə elektroenergetika sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlar, indi də bu sistemdə və şəbəkələrinin rəqəmsallaşdırılmasında sağlam təməl rolunu oynayır. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxışı zamanı tədbir iştirakçılarını salamlayıb və Şuşada keçirilən bu beynəlxalq elmi-praktiki konfransı tarixi hadisə adlandırıb. Daha sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sahəsindəki rolundan bəhs edən sənədli film nümayiş etdirildi.
Konfrans iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə ölkə başçısının xüsusi diqqət və nəzarəti altında aparılan genişmiqyaslı yenidənqurma işləri, elektroenergetika sahəsinin müasir tələblər əsasında qurulması haqqında da geniş məlumat verilib. Qonaqlar arasında yer alan keçmiş mer Oleq Burdaqin maraqlı faktı açıqladı. O bildirdi ki, Sovet dövründə siyasi hakimiyyətdə olan Heydər Əliyev tərəfindən Narinsk şəhərinin meri təyin edilib. Tədbirin əhəmiyyətinə də toxunan Oleq Budarqin Şuşada keçirilən beynəlxalq konfransı Davos Dünya İqtisadi Forumu ilə müqayisə etdi.
Konfrans iştirakçılarına “Qarabağ - Yaşıl Enerji zonası” tələblərinin beynəlxalq normalarının müasir texnologiyalar və innovativ həllərlə tətbiqi, elektroenergetika sistemi və şəbəkələrində ekoloji amillərin nəzərə alınması, həyata keçirilən mühüm texniki-iqtisadi tədbirlər haqqında da ətraflı məlumat verilib. Geniş fikir mübadiləsinin aparıldığı tədbirdə işğaldan azad edilmiş ərazilərdə rəqəmsallaşma proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir şəbəkə quruculuğu indikatorlarının müəyyən edilməsi və tətbiqi istiqamətində müştərək metodik vəsaitlər və elmi araşdırmaların hazırlanmasına qərara alındı.
Konfransdan sonra Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya təşkil edilib, tədbir iştirakçılarını maraqlandıran suallar təfərrüatı ilə cavablandırılıb.
Elektrik şəbəkələrinin rəqəmsallaşdırılması istiqamətində hazırda atılan addımlar və gələcəkdə həyata keçiriləcək islahatların elmi-texniki və iqtisadi aspektlərinin beynəlxalq ekspertlərlə mütəmadi təcrübə mübadiləsinin, iştirakçı ölkələrdə təsdiq edilmiş tematikalar üzrə fikir mübadilələrinin təmin edilməsi haqqında razılıq əldə olunub, “Beynəlxalq energetiklərin Şuşa təşəbbüsü” adlı sənəd hazırlanaraq konfrans iştirakçılarına təqdim edilib.