Ölkə xaricinə ən çox nə qədər pul çıxara bilərik? - 5 il həbs kimlərə verilir?
Cinayət Məcəlləsinə əlavə olunan yeni maddəyə əsasən, 50 min manatdan 200 min manatadək məbləğdə qanunsuz pul köçürmələri baş verərsə, bu məbləğin 40 faizi həcmində cərimə və ya iki il müddətədək azadlığın məhdudlaşdırılması nəzərdə tutulub.
Qanunsuz pul köçürmələri 200 min manatdan 500 min manatadək olduqda, şəxs məbləğin 40 faizindən 60 faizinə qədər cərimə ödəyir və ya 2 ildən 4 ilədək azadlığı məhdudlaşdırılır, yaxud 3 il müddətədək azadlıqdan məhrumetmə cəzası verilir.
Bu məbləğ 500 000 manatdan çox olarsa, 40 faizdən 60 faizədək cərimə və ya 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması, ya da eyni müddətə azadlıqdan məhrumetmə tətbiq olunur.
İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, istənilən dövlət tərəfindən pul köçürmələrinin sərbəstliyinə iki məqsədlə məhdudiyyət qoyulur.
Birincisi, qeyri-qanuni vəsaitlərin dövriyyəsinin məhdudlaşdırılması, prosesin izlənməsi, cinayət məqsədli pul axınlarının müəyyən qədər qarşısının alınması xarakteri daşıyır.
İkincisi isə ölkədən valyuta axınlarının dayandırılması yolu ilə tədiyyə balansındakı təzyiqlərin neytrallaşdırılması hədəfinə uyğun siyasəti icra etmək üçün tətbiq edilir.
Ekspertin sözlərinə görə, digər çoxluq təşkil edən aşağı gəlirli, əlaqələri müəyyən qədər zəif olan və mövcud qeyri-qanuni fəaliyyətlərdən istifadə edərək, pul çıxara bilməyən kütləyə məhdudiyyətlərin tətbiq edilməsi yolu ilə balans formalaşdırılır.
Rəşad Həsənov qeyd edib ki, pul köçürmələrinin tənzimlənməsi haqqında qanuna görə, zəruri məqsədlərlə, yəni təhsil, səhiyyə xərcləri, yaxud hər hansı bir mal və xidmətin istehlakı məqsədilə vəsaitin ölkədən çıxarılmasına məhdudiyyət qoyulmur. Bu halda sadəcə göndərilən pulun məqsəd və hədəfini göstərən təsdiqedici sənədlər təqdim olunmalıdır.
İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, vətəndaş xaricdəki birinci dərəcəli ailə üzvü hesab olunan qohumlarına təyinatı göstərilmədən qazancın mənbəyi şəffaf olduğu halda ayda 10 min dollara qədər vəsait göndərə bilər.
İqtisadçının sözlərinə görə, hazırda vətəndaşların gəlirinin müəyyən hissəsi qeyri-formal, yəni vergisiz iqtisadiyyatdan formalaşdığı üçün gəlirin mənbəyi sübut olunmur, yaxud dövlətin müəyyənləşdirdiyi istiqamətdən fərqli istiqamətə pul köçürmək istəyirlər. Burada əsas məqsəd isə vergidən yayınmaq üçün şərtlər və şərait əldə etməkdir.
Sonda isə bunu vurğulamaq yerinə düşər ki, bəzi vətəndaşları narahat edən pul köçürmə məsələlərinə dövlət tərəfindən nəzarət olunmazsa, insanları şəffaf iqtisadiyyata cəlb etmək mümkün olmaz və çirkli pulların dövriyyəsinin qarşısı alına bilməz.