Ölkəmizdə ilk dəfə mavigilə və çayın in-vitro üsulu ilə çoxaldılmasına başlanılıb

Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya laboratoriyasında mavigilə (blueberry) və çay bitkisinin in-vitro üsulu ilə çoxaldılmasına başlanılıb.

İnstitutdan APA TV-yə verilən məlumata görə, yaxın gələcəkdə mavigilənin əkin materialının kütləvi istehsalı təşkil ediləcək.

Biotexnologiya laboratoriyasının müdiri Sevil Süleymanova deyir ki, layihənin əsas məqsədi ölkəmizdə virusdan azad, əkin materiallarının yetişdirilməsidir: “Laboratoriyamızın əsas fəaliyyəti bitkilərin in-vitro üsulu ilə çoxaldılmasıdır. Bundan əvvəl laboratoriyada beş çəyirdəkli meyvə bitkisinin calaqaltıları in-vitro üsulu ilə çoxaldılıb və bütün mərhələləri keçdikdən sonra sahəyə köçürülüb. Artıq əkin materialının kütləvi istehsalına başlamışıq”.

Bu calaqaltılar iqtisadi baxımdan çox əlverişlidir. Belə ki, bu calaqaltılar üzərində calaq edilən meyvə tingləri 3-cü ildə məhsula düşür və 5-ci ildə artıq bağa qoyulan xərcləri çıxarır.

Adi calaqaltılarda bir hektardan 15 ton məhsul əldə olunursa, bu calaqaltılar üzərində yetişdirilən tinglərdən bir hektardan təxminən 50 tona qədər məhsul əldə etmək mümkündür. Bu bağlardan əldə olunan məhsulun keyfiyyəti də bazar tələblərinə tam cavab verir. Yəni məhsulun rəngi parlaq, ölçüləri iri və standart olur.

Bu kimi calaqaltılar ölkəmizə 2003-cü ildən gətirilsə də, Azərbaycanda istehsalına ilk dəfə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən başlanılıb. Əsas məqsəd bu istiqamətdə özəl tingçilik təsərrüfatları ilə birgə çalışaraq ölkəyə ting idxalının qarşısını almaqdır. Çünki xaricdən gətirilən bəzi tinglərdə virus və bakteriya mənşəli xəstəliklər aşkar edilir.

Qeyd edək ki, Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir.

Müəllif | Apa.Tv
Apa.tv