Ölsək də, dönmərik... – AĞDAMDAN REPORTAJ

Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini, mülkü əhalinin sıx olduğu yerləri atəşə tutmağa davam edir. Hər gün onlarla, yüzlərlə mərmi şəhərlərə, qəsəbələrə və kəndlərə düşür.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, ermənilərin atdığı raket mərmiləri yerli sakinlər gözlərinin qarşısında evlərini dağıdır. Lakin bu onları heç də ruhdan salmır. Çünki davamız haqq davasıdır, torpaq davasıdır, dövlətimizin, ordumuzun canı sağ olsun deyirlər. Təki torpaqlarımız işğaldan azad olsun, təki vətənimiz yaşasın. Yaşlı nənələr, yeniyetmələr və gənclər yol kənarlarında dayanıb, arxa cəbhədə necə dəstək ola biləcəklərini düşünürlər.

 

Nurlan Cəfərovun isə 17 yaşı var. Ürəyindən orduya qoşulmaq keçir. Atasının, babasının  gəzdiyi dağları görmək istəyir. O yerlər uğrunda gedən haqlı savaşda iştirak etmək istəyir.

 

Cəbhədəki məğlubiyyəti həzm edə bilməyən ermənilər daha da vəhşiləşirlər, azğınlaşırlar. Birinci Qarabağ müharibəsində belə top, raket mərmiləri atılmayan kəndlər indi ağır artilleriyadan atəşə tutulur. Müdafiə nazirliyi də rəsmi açıqlamasında ermənilərin Quzanlı qəsəbəsini ağır artilleriyadan atəşə tutduğunu açıqlayıb. 

 

Cəbhəboyu bütün yaşayış məntəqələri, hətta təhsil ocaqları belə düşmən tərəfindən atəşə tutulur. Körpə balaların bir yerdə olma ehtimalı yüksək olan bu kimi tikililərə də mərmi atmaq ermənilərin terrorçu ruhlu və faşist ideyaları ilə hərəkət etdiyini açıq-aydın ortaya qoyur.

 

Hazırda döyüşlər davam edir.

 

Habil Aslanoğlu,

Arzu Quliyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv