Ölü kimi qeydə alındı, əmlakı satıldı: Azərbaycanda film kimi olay

Ölü kimi qeydə alındı, əmlakı satıldı: Azərbaycanda film kimi olay – APA TV Rusiya Federasiyasında yaşayan Zeynalov Abil Hacıbaba oğlu sağ olmasına baxmayaraq, onun haqqında həyat yoldaşı tərəfindən ölüm şəhadətnaməsi hazırlanıb. Bundan sonra isə Azərbaycandakı əmlakı satışa çıxıralıb. Həyat yoldaşı mülkü satdıqdan sonra başqa biri ilə evlənib. Abil Zeynalov iddia edib ki, məhz bu saxta ölüm sənədinə görə indi Azərbaycana qayıda bilmir. 1996-cı ildə Rusiyaya getdiyini deyən Zeynalovun sözlərinə görə, həmin vaxt Azərbaycanda evli olub. Lakin həyat yoldaşı Rusiyaya getmək istəməyib. O da bu illər ərzində vətənə qayıtmayıb: “Burada bir qadınla yaşamağa başladım və müxtəlif işlərdə çalışdım. 2001-ci ildə anam vəfat edəndə ölkəyə gəlmək istəsəm də, yenə alınmadı. 2011-ci ildə isə artıq qəti qərar verdim ki, vətənə qayıdım. Amma məlum oldu ki, mən guya ölmüşəm. Həyat yoldaşım mənim adıma saxta ölüm kağızı çıxartdırıb. Guya mən 2011-ci ilin oktyabrın 10-da Rusiyanın Xabarovsk vilayətində vəfat etmişəm. Bundan sonra mənim əmlakımı sataraq başqa biri ilə evlənib”. Məsələ ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb. Qurumdan Lent.az-a verilən məlumata görə, araşdırma nəticəsində məlum olub ki, vətəndaş müraciəti əsasında Quba rayonu, Rustov kənd sakini, 67 yaşlı Abil Zeynalovun itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi haqqında Quba rayon məhkəməsi tərəfindən 2011-ci il sentyabrın 9-da qətnamə qəbul edilib və bunun əsasında rayon qeydiyyat şöbəsi tərəfindən Zeynalovun ölümü haqqında akt tərtib olunub. Maraqlıdır, məhkəmənin öldüyü dəqiq bilinməyən şəxs haqqında belə bir qərar verməsi nə dərəcə qanunauyğundur? Vəkil Emil Aslanovun sözlərinə görə, şəxs o vaxt ölü elan edilə bilər ki, yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmasın. Həmçinin o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisə zamanı həlak olduğunu güman etməyə əsas verən şəraitdə itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, məhkəmə qaydasında ölmüş elan edilə bilər: “Həmin şəxs yaşayış yeri üzrə 5 il görsənməyibsə, bu barədə maraqlı şəxslər məhkəməyə müraciət edərək, onun ölmüş olması barədə qətnamənin çıxarılmasına nail ola bilərlər. Əgər həmin şəxs həqiqətən ölməyibsə və yaşadığı yerə geri qayıdıb bu məlumatları əldə etdiyi andan qətnamənin çıxarıldığı rayon məhkəməsinə müraciət etdilir və qətnamə dərhal ləğv edilir.” Bəs Abil Zeynalov satılmış əmlakını geri qaytara bilərmi? Vəkil Emil Aslanov deyir ki, şəxs ölü sayıldığı vaxt əmlakı satılıbsa, qaytarılmayacaq. Əmlakı alan şəxs vətəndaşın ölməmiş olduğunu bilibsə, buna baxmayaraq, saxtakarlıqda iştirakçı olubsa, əmlak qaytarıla bilər. Sonda onu da bildirək ki, hazırda Quba Rayon Prokurorluğunda qəbul edilmiş məhkəmə qətnaməsi üçün əsas olmuş sənədlərin həqiqiliyini və qanuniliyini müəyyən etmək məqsədi ilə araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv