Ölüm saçan LED işıqlar - REPORTAJ
Son günlər “Facebook”da populyar olan video bir çox sürücülər tərəfindən geniş müzakirələrə səbəb olub. Yazılan şərhlərdən də belə məlum olub ki, ucuz LED işıqlar, əksər sürücülərin yolu görməsinə mane olur.
Sürücülər də deyir ki, led işıqları qarşıdan gələni kor edir.
Mövzunu araşdırmaq üz tutduq maşın bazarına. Söhbət zamanı sürücülər də bildirdilər ki, ucuz LED işıqlar səbəbindən yolda heç bir şey görmək olmur.
Sürücü Elvin Yusifov deyir ki, bir çoxu keyfiyyətsiz işıq qoyub, sadəcə olaraq həmin quğular güclü işıq saçır: “Qarşıdan gələndə mən maşını görə bilmirəm. Təkcə işıq görürdüm, mənim gözlərimi deşirdi həmin led işıq. Sağ-sol görə bilmirdim. Sürücülərə heç bir halda tövsiyə etmirəm belə işıqları”.
Sürücü Vahid Məmmədov isə deyir ki, başa düşməlisən ki, qarşındakı hadisə törədə bilər: ”Hər şey ola bilər. Özü də yağışlı, dumanlı havada həmin işıqlardan heç nə görmək olmur”.
İllərdir ki, LED işıqların quraşdırılması ilə məşğul olan usta Ağa Əliyev isə deyir ki, sürücülər bu işıqlardan alarkən onun “silikon”lu olub olmamasına diqqət yetirməlidirlər.
Usta Ağa Əliyev isə deyir ki, ucuz ledi istəyirlər ki, keyfiyyətli olsun: “Amma bu mümkün deyil. Qarşıdan görsənir işıq, lakin maşının içindən sürücü o işığı görmür. Əgər işıq 1 sm əyri bağlansa bir tərəf göstərir, digər tərəf, göstərmir. Bu işıqların iki növü var. Bu silikonlu ledlərdir. Silikonlu ledlər düzəlişə gəlmir və işığı çox səpələyir. Amma daş olan ledlər, bunlar keyfiyyətlidir. Həm düzəlişə gəlir, həm də işıq gücü yaxşı olur”.
Ustanın sözlərinə görə, bəzən sürücülər əlavə xərclə qarşılaşmamaq üçün LED işıqların ustalar tərəfindən quraşdırılmasından qaçırlar. Bu da, sonradan müəyyən problemlər yaradır.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, texniki normativlərə fikir versək görərik ki, avtomobilin üzərindəki işıq cihazı və onun üzərindəki işıq lampası texniki standartlara uyğundursa heç bir problem yaratmaya bilər. Burda isə əsas məsələ işığın səpələnməsi, rəngi, və işıqlandırma gücüdür. Əgər həmin LED işıqlarda hər şey qanuna uyğun tənzimlənibsə, bu zaman həmin sürücüyə heç kim irad tuta bilməz. İşıqlandırmaya yararsız işıqlar isə texniki baxış zamanı aradan qaldırılmalıdır. Yox əgər həmin sürücü yolda saxlanılıbsa, o zaman...
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, Dövlət Yol Polisi yolda bunu aşkar edərsə texniki vasitələrlə maşını yoxlamalıdır ki, normativ tələblərə cavab verir yox: “Əgər uyğun deyilsə bu zaman sürücü haqqında tədbir görülməlidir. Tədbir isə ona xəbərdarlıq edildikdən sonra problemi aradan qaldırmayıbsa, sürücü 50 manat cərimə oluna bilər”.
Ərşad Hüseynov qeyd edib ki, əgər sürücü LED işıqları özü qəsdən dəyişdirərək hərəkət iştirakçılarına mane olursa, onların qəza törətməsinə səbəb olursa, bu zaman sürücü 150 azn cərimə oluna bilər.
Dövlət Yol Polisi İdarəsindən isə bildirdilər ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi sayrışan işıq siqnalları və yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsi halında həmin sürücülər 500 manatdan 800 manata qədər cərimə oluna bilər. Konstruksiya dəyişdirilmiş işıq lampaları isə qanuna cavab vermədiyi üçün yerindəcə sökülə bilər. Əgər maşına quraşdırılan əlavə detalları xüsusi alətlərlə çıxarmaq lazımdırsa maşın cərimə meydançasına getməlidir.
Semral Cavad,
Ziya Allahyarov,
APA TV