Ölümə ”sürüşərək” yaxınlaşan sakinlər – 20 İLLİK PROBLEM
Burada dayanmaqdan açığı özüm də qorxuram. Çünki gördüyünüz bu iki bina sürüşmə nəticəsində demək olar ki, bir-birinə yapışıb. Sakinlər deyir ki, bu iki binanın ara məsafəsi əvvəllər təxminən yarım metr təşkil edirdi. Hazırda isə gördüyünüz kimi yarım qarışdır. Yuxarı doğru qalxdıqca birinci bina digərini sıxıb. Bu da evlərdə iri çatların əmələ gəlməsinə səbəb olub.
Təbii ki, söhbət Zığ qəsəbəsində yerləşən 39 saylı binadan gedir. Binanın hər an uçma təhlükəsini gözə alaraq evlərində gecələməyə qorxan sakinlər köçürüləcəyi günü böyük səbirsizliklə gözləyirlər.
Bəli nə az, nə çox düz 20 ildir ki, onlar bu qəzalı binada yaşayırlar. Hər anları ölümə hesablanan sakinlər sürüşmədən divarlarında iri çatlar əmələ gələn bu evlərdə yaşayırlar. Əgər buna yaşamaq demək olarsa.
Burada yaşayan sakinlər üçün ən təhlükəli vəziyyət isə binanın giriş və çıxışıdır.
Elə binanın girişi də qəzalı vəziyyətdədir. Buradakı çatların ara məsafəsi yarım qarış təşkil edir. Başımızın üstündəki bu panel də hər saniyə uça bilər. Sakin deyir ki, buradan sürətli şəkildə keçirlər. Səbəbə də qeyd etdiyimiz kimi panelin hər saniyə uçmaq təhlükəsi var.
39 saylı bina ilə yanaşı, 41 və 43 saylı binalarda, habelə həmin ərazidə sonradan tikilən 57 fərdi yaşayış evində də analoji vəziyyət hökm sürür. Bundan başqa, bu əraziyə gedən əsas yolda da sürüşmə baş verib. Yolun sürüşməməsi üçün tikilən istinad divarı da artıq əyilib.
Vəziyyət olduğundan da təhlükəlidir. Çünki sürüşmə zonasında yerləşən 39 saylı binaya gedən əsas yolu icra hakimiyyəti panellərlə bağlayıb. Səbəb kimi isə buraya girən avtomobillər üçün də təhlükənin yaranacağını deyirlər.
Mövcud vəziyyətdən xəbərdar olan rayon icra hakimiyyətinin şöbə müdiri Mehman Hüseynov deyir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib: “Vəziyyət qorxuludur. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi əraziyə baxış keçirib və qəzalı olması ilə bağlı qərar qəbul edilib. Suraxanı Rayon İcra Hakimiyyəti də məsələnin qorxulu olması ilə bağlı müraciət etmişik və düşünürəm ki, yaxın günlərdə qərar qəbul ediləcək”.
Ümid edirik qərar çox qısa zamanda qəbul ediləcək. Çünki sakinlər belə getsə qışın oğlan çağında küçədə gecələməli olacaqlar.
Aytən Sakitqızı,
Ziya Allahyarov,
APA TV