Ölümün astanasındakı 15 yaşlı qız - SOS

Yerdən, şəraitsiz iki otaqlı ev, o evdə xəstəliklə mübarizə aparan qız və anası. 15 yaşında xərçəng xəstəliyinin cənginə keçən balasının günü-gündən əriməsinə çarəsizcə şahidlik edir anası, Yeganə xanım. Deyir ki, 11 ay əvvələ qədər Aytən də hər sağlam gənc kimi məktəbə gedib, normal həyatına davam edirdi. Dizində olan kəskin ağrılar səbəbindən həkimə müraciət edirlər. Aytənə kəskin limfoblast leykoz, yəni qan xərçəngi  diaqnozu qoyulur: “Doktorlar belindən, qanından analiz aldılar, dedilər ki, uşaq qan xərçəngidir, qanı da 24 faizə düşüb. Dərmanlar çox baha olur, imkanım yoxdur almağa. Ürəyi EKQ olunmalıdır, ürəyi zəifdir. Həkim deyir ki, kimyaterapiyanın altında qala da bilər. Amma pulum yoxdur ki , aparım həkimə. Halsız olur, qusur, burdan qapıya qədər gedə bilmir. Həkimlər deyir ki, hər şeyə hazırlıqlı olun, hər an hər şey ola bilər”.

 

Aytən xəstələnəndən sonra atası da onları atıb gedib. Nə dərman, nə ərzaq pulunu verir: “Bir qızımdır, bir mən. Yoldaşım yoxdur. Bildi ki, uşağım qan xərçəngidir, qoydu bizi çıxdı getdi. Bir müddət anam kömək etdi, qohum-qonşular kömək etdi. Amma indi köməyim yoxdur. İndi müalicəsi üçün iynə dərman lazımdır. Amma onu da almağa imkanım yoxdur, müalicəsi yarımçıq qalır. Yarımçıq qalması da onun ömründən kəsilir”.

 

Atası onu amansız xəstəliklə tək qoysa da, Aytənin arzuları, gözlərindəki yaşamaq sevinci onu tərk etməyib. Ümidi isə xeyirxah insanların ona köməyinədir. Sağlamlığına qovuşduqdan sonra arzularının dalınca getmək istəyir.

 

Aytən gənc yaşında məhkum olduğu xəstəliyin amansızlığının da fərqindədir, yoxluq üzündən anasının əl-qolunun bağlı olduğunun da. Çarəsizlik içində canı ilə əlləşən qızcığazın tək ümidi sizdən gələn maddi dəstəyədir. Aytənə kömək etmək istəyən vətəndaşlar aşağıda göstərilən bank kartına pul köçürə bilərlər. Gözlərindəki ümid işığı heç solmasın qızcığaz!

 

Müəllif | Apa.Tv
Apa.tv