Ondan kömək istəyən 20-dən artıq şəxsin kartından pul oğurladı – POLİS YAXALADI
Vətəndaşların etibarından sui-istifadə edərək bankomat kartlarından oğurluq edən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə daxil olan məlumata görə, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 900 manatı ələ keçirib.
Araşdırma zamanı məlum olub ki, kart sahibi kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb.
Keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramil Orucov tutulub. O, ifadəsində ondan kömək istəyən 20-dən artıq şəxsin kartından müxtəlif məbləğlərdə pul oğurladığını bildirib.
Qeyd edək ki, R.Orucovdan əsasən ahıl yaşlı şəxslər təqaüd kartlarından pul çıxarılması üçün kömək istəyiblər.
Faktla bağlı cinayət işi başlanılıb.