Onlar gecə səhərə kimi yüksəkliyi ələ keçirib, düşməndən müdafiə postu qurublar

2018-ci il mayın 20-dən 27-dək Naxçıvanın 11 min hektar ərazisi və Şərur rayonunun Günnüt kəndi işğaldan azad edilib. Şərur rayonun Günnüt kəndi və ətraf ərazilərin erməni işğalından azad edilməsi xəbəri hər kəsin çoxdan gözlədiyi qələbə arzusunun təcəssümü idi.

 

Ali Baş Komandanın tapşırığına əsasən icra olunan əməliyyatdan sonra Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ümumilikdə 11 min hektar ərazi olmaqla sağ cinahda Ağsal dağı-Qaraqaya dağı istiqamətində 459, mərkəzdə Danzik-Qızılqaya dağı istiqamətində  1089, sol cinahda Ardıc dağı-Kömürlü dağı istiqamətində 1184 hektar ərazi bölmələrimizin nəzarətinə keçib. Sağ cinahda 1242, mərkəzdə 2291, sol cinahda 3107 və Qarağac-Həsənqulubağ dağı istiqamətində 1200 hektar ərazinin təhlükəsiz istifadəsi təmin edilib. Azad olunan ərazilərin 8 min hektardan artığı kənd təsərrüfatı, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı sahələrdir.

 

Günnüt əməliyyatında ordumuz yalnız bir şəhid verib - Adil Tatarov. Şəhidin adının əbədiləşdirilməsi üçün isə düşmənlə üz-üzə postlardan birinə məhz onun adı verilib: "Tatar postu".

 

Günnüt əməliyyatı bir daha sübut etdi ki, Əlahiddə Ümumqoşun Ordusunun bölmələri Naxçıvan istiqamətində istənilən əməliyyatı ən yüksək səviyyədə yerinə yetirə bilər. Məhz bu əməliyyat tarixi 44 günlük Zəfərə aparan yola işıq saldı, Azərbaycan xalqının qəhrəmanlığını, sarsılmazlığını nümayiş etdirdi.

 

 

Bu əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Keşişkənd-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.

 

Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat ­ təxliyə məqsədi ilə indi Günnütdə yollar bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə müdafiə mövqeləri qurulub.

 

Erməni işğalından azad edilmiş bu ərazidə qısa müddətdə hərbi qulluqçularımız üçün yaradılmış şərait düşmənə göz dağıdır. İndi hər il yeni əsgəri-məişət yaşayış kompleksləri tikilir, hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, şəxsi heyətin döyüş və mənəvi hazırlığı diqqətdə saxlanılır.

 

2016-cı il Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdisə, 2018-ci il Günnüt əməliyyatı zamanı qazanılan stareji yüksəklik və ərazilər Azərbaycan Ordusunun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi. Döyüş meydanında təcrübə qazanan ordumuz Vətən müharibəsində düşməni məğlub edərək torpaqlarımızı işğaldan tam azad etdi.

Müəllif | Apa.Tv
Apa.tv