Onların köçürdüyü gəlinlərin toy hazırlığı qorxusu yoxdur

 “Mel” folklor ansamblı Qusar rayonun Hil kəndində fəaliyyət göstərir.

Qusarda folklorun çoxəsrlik ənənəsi var. Rayon əhalisinin böyük hissəsini təşkil edən ləzgilər tarixin bütün dövrlərində öz adət-ənənələrini, mədəniyyətlərini qoruyub saxlayıblar.

Hil kəndində folklor ansamblının yaranma tarixi ötən əsrin 70-ci illərinə gedib çıxır. 1978-ci ildə kənd mədəniyyət evində yaradılan “Mel” folklor ansamblı yerli əhalinin qədim iməcilik adəti olan melin təbliği ilə məşğuldur. Ansambl həmin vaxt sovxozun fəhlələrindən, məktəblilərdən və mədəniyyət evinin işçilərindən təşkil olunmuşdu. Kollektiv 1979-cu ildə respublika festivalında üçüncü yerə, bir il sonra isə mədəni-maarif müəssisələrinin fəaliyyətinə ictimai baxışın yekunlarına görə Respublika Mədəniyyət Nazirliyinin keçici Qırmızı bayrağına və pul mükafatına layiq görülüb. 1987-ci ildə keçirilən II Respublika festivalının laureatı olmuş ansambla həmin il “Xalq kollektivi” adı verilib.

“Mel” kollektivinin təqdim etdiyi  əsas kompozisiyalardan birində gəlin köçən qızın cehiz hazırlığı təsvir olunub. Burada toy hazırlıqlarını vaxtında yekunlaşdıra bilməyən ailəyə iməcilik təşkil olunaraq kömək edilir. “Mel” sözünün mənası da elə könüllü iməcilik deməkdir.

Məlumdur ki, gəlin köçəcək qızın cehiz hazırlığı prosesi asan iş deyil. Folklor qrupu xalça, kilim toxunması, yun əyirib yorğan-döşək salınması və başqa bu kimi işləri el nəğmələrinin müşayiəti ilə təqdim edir. Təqdimat özündə əməyi, yardımsevərliyi təbliğ etməklə yanaşı, elin xeyir-duası ilə qurulan ailələrin möhkəmliyini də ehtiva edir.

Hazırda 20 nəfərdən ibarət olan folklor qrupunun üzvləri bayram tədbirlərində yerli sakinlərlə bir yerdə toplaşır, qədim mahnıları səsləndirir, müxtəlif əyləncəli oyunlar keçirir və rəqs edirlər.

Folklor ansambl ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalında iştirakı ilə şöhrətini daha da artırıb.

Folklor kollektivi rayonda və ölkənin başqa yerlərində keçirilən konsertlərdə, müsabiqələrdə və sərgilərdə də təmsil olunur. “Mel” sonuncu Respublika Folklor Festivalında 80 kollektiv arasında ikinci olmağı bacarıb.

Müəllif | Apa.Tv
Apa.tv