Onsuz da Azərbaycana aid olan yeri Azərbaycana necə verə bilərik ki? - Baqdasaryan

“Ermənistanda aksiyalar Qarabağ klanının isterikasıdır”.

 

Bunu tanınmış erməni siyasi bloger Roman Baqdasaryan öz yutub kanalında Ermənistanda keçirilən aksiyalarla bağlı çıxışında deyib. O, aksiya iştirakçılarına müraciət edərək bildirib ki, bu narazılıqlar hansısa nəticə verməyəcək. Baş verənlərin heç bir mənasının olmadığı bildirən siyasi fəal Paşinyanın reytinqinin son 2 həftədə artdığını deyib. 

 

“Reytinqin yüksəlməyinin səbəbi əvvəllər həm Paşinyana, həm də Koçaryana neytral münasibət bəsləyən insanların fikir dəyişdirməsidir. Çünki aksiyalar onların normal həyatlarını iflic edir. Bu da keçmiş klana qarşı aqressiya yaradır. Bunlar başa düşmür ki, təkcə son kvartalda Ermənistan ötən illə müqayisədə 1 milyard dollar qazanıb. Bütün İrəvanın küçələri, yolları təmir olunur. Alimlərin maaşları 100 faiz artırıldı, müəllimlərin maaşı sentyabrdan 70 faiz artırıldı. 3-cü uşağı olanlara dövlət yardımı olacaq. Düşünürəm ki, Qarabağ klanı cinayətkarlardır”.

 

Qarabağdakı ermənilərin İrəvandakı aksiyalara qoşulması ilə bağlı da fikirlərini bölüşən bloger qeyd edib ki, Serj və Köçəryan, eləcə də onları dəstəkləyənlər bir daha hakimiyyətdə olmayacaqlar. Qarabağdan da danışan bloger bildirib ki, bu ərazi Azərbaycandan başqa heç bir ölkəyə aid deyil və Paşinyan Qarabağı satmayıb.

 

“Qarabağdakı izləyicilərimə və aksiya iştirakçılarına müraciət edərək bildirirəm ki, sarkisyanlar, köçəryanlar, keçmiş məmurların heç biri yenidən hakimiyyətə gələ bilməyəcəklər. Hansısı ağılsız Ermənistanı Rusiyanın tərkibində görmək istəyirsə, bu erməni xalqının problemi deyil. Bu həmin beyinsizlərin problemidir. Serj və Köçəryan özlərini yırtdılar ki, Rusiya bizim strateji müttəfiqimizdir. 44 günlük müharibədə bəs onlar harada idilər? Eks prezidentlər elə sizin qarabağlılar idilər. Karen Dəmirçiyanı, Vazgen Sarkisyanı öldürdülər. Bəs niyə onlar Qarabağın müstəqilliyini tanımadılar? Qarabağdakı ermənilər Paşinyandan şikayət edirlər, amma Sarkis­yan, Köçəryan prezident olanda Putinlə danışıb nəsə edə bildilər? Onlara da Paşinyan mane oldu? İndi isə çıxıb deyirlər ki, Paşinyan Qarabağı verdi. Bu gün “Artsax” dediyimiz yer hüquqi olaraq hara tabedir? Azərbaycana aid olan yerin Azərbaycana verilməsi necə ola bilər ki? Heç bir ölkə oranı müstəqil qəbul etmir, qaldı ki, Paşinyan”.

 

Roman Baqdasaryanın fikirləri Ermənistan mediasında da geniş müzakirələrə səbəb olub. Ən maraqlı detallardan biri isə budur ki, onu dəstəkləyənlar arasında çox sayda Qarabağ erməniləri də var.

 

Fuad Sadıqov

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv