Operativ Qərargah: Azərbaycanda karantin rejimi ilin sonuna qədər davam edəcək

“Postların götürülüb-götürülməyəcəyinə DİN qərar verəcək”

APA TV-nin məlumatına görə, bunu, Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib: “Bu qaydalara riayət olunması Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Postların götürülüb-götürülməməsi, yaxud artırılması DİN-in özünün qərar verəcəyi məsələdir”.

İbrahim Məmmədov bu gün götürülən bəzi məhdudiyyətlərin karantin rejimindən çıxışın yumşalması ilə bağlı üçüncü mərhələ olduğunu qeyd edib: “Yumşalma dövründə yoluxma hallarının sayında artım müşahidə olundu. Amma ümumi proses idarə olunandır. Ötən müddət ərzində böyük təcrübə əldə edilib. Aidiyyəti qurumlarda ciddi maddi-texniki baza yaradılıb. Bütün bunlar koronavirusla mübarizə ilə bərabər həyatımızı davam etdirməyə imkan verir. Biz problemlə birlikdə yaşamağa öyrəşməliyik. Ötən dövrdə qoruyucu vasitələrin ölkədə istehsalı da təmin edilib. Bəzi məhsullar üzrə asılılıq azaldılıb, bəzi məhsullardan asılılığı isə tam aradan qaldıra bilmişik”.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə bildirib ki, yoluxanların 54,7 faizi Bakıda, 10,3 faizi Aran zonasında, 10,2 faizi Lənkəranda olub. Onun sözlərinə görə, ölkənin ikinci ən böyük şəhəri Gəncədə epidemiyanın qarşısını almaq mümkün olub. Amma buna baxmayaraq əks epidemik tədbirlər davam etdirilməlidir: “Əks epidemik tədbirlər ciddiyyətini qorumalıdır”.

Ramin Bayramlı məhdudiyyətlərin aradan qaldırılmasından sonra mayın əvvəlindən yoluxma hallarının sürətlə artdığını da qeyd edib: “Aktiv yoluxma hallarının sayı 13 aprelə qədər artıb, 27 aprelə qədər azalıb. Aktiv yoluxma halları 27 aprel – 2 may tarixində sabitləşib. 2 maydan bu günə qədər isə yoluxmanın davamlı şəkildə artması müşahidə olunub. May ayının əvvəlindən təsdiq edilmiş yoluxma hallarının sayı sürətlə artıb və bu da məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır”.

TƏBİB-in sədri hazırda ölkədə koronavirusa yoluxmanın ikinci dalğasının yaşandığını bildirib: “Hazırda ikinci dalğanı yaşamaqdayıq. Gələcək həftələrdə göstəricilərin azalacağı, yüksələcəyi bizim sosial məsuliyyətimizdən asılıdır”.

Ramin Bayramlı Azərbaycanda karantin rejiminin bu ilin sonuna qədər davam edəcəyini də vurğulayıb. Yaxın bir il ərzində isə vaksinin əldə olunması gözlənilmir.

Müəllif | Apa.Tv
Apa.tv