Operativ Qərargah: Daha 143 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

“Bu gün Azərbaycanda 143 koronavirusa yeni yoluxma qeydə alınıb, 44 nəfər sağalıb, 3 nəfər vəfat edib. Ölənlər 1942, 1956 və 1944-cü il təvəllüdlüdür”.

APA TV-nin məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu artımın baş verməsi həm də vətəndaşlarımızın məsələyə məsuliyyətsiz yanaşması ilə bağıdır. Ona görə də sosial şəbəkələrdə aktiv vətəndaşlar, o cümlədən jurnalistlər qaydaların aktiv təbliğatçısına çevrilməlidir:

“Sərt karantindən çıxdıqdan sonra yoluxmanın artacağını gözləyirdik. Ancaq insanların məsuliyyətsizliyi də bu məsələdə böyük rol oynayır. Artıq metro açılıb. Bankların qarşısında, marketlərdə insanların tibbi maska taxmadığını, sosial məsafəni gözləmədiyini görürük. Buna görə də Operativ Qərargah broşurlar dərc edib”.

R.Bayramlı nəzərə çatdırıb ki, qardaş ölkə Türkiyədə həftə sonlarında hərəkətin məhdudlaşdırılması həyata keçirilir:

“Biz vətəndaşlarımızın tibbi maskalardan istfiadəsini müşahidə edəcəyik. Ola bilər ki, qarşıda həm bayram günlərində, həm də həftə sonlarında məhdudiyyətlərin tətbiqi ilə bağlı Operativ Qərargaha müraciət etdik”.

Sədr deyib ki, tibbi maskalarla bağlı hər hansı problem yoxdur:

“Sərt karantin rejimindən çıxdıqdan sonra tələbatın artması ilə tibbi maska çatışmazlığı müşahidə oluna bilər. Lakin heç kim maska qıtlığını bəhanə gətirməməlidir. Tibbi maskalarla bağlı ciddi problem gözləmirik. Belə problem olsa, müxtəlif parçalardan maskalar hazırlana bilər. Şəhərlərdə, ictimai nəqliyyatda maska hazırlamaqla bağlı təlimatlar asılacaq. Vətəndaşlarımız bu təlimatlardan istifadə edərək evlərdə də maskalar hazırlaya bilərlər”.

Ramin Bayramlının fikrincə, bugünkü göstəricilər belə deməyə əsas verir ki, təkrar sərtləşdirməyə hələlik ehtiyac yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki,  ötən dövr ərzində 3,7 milyon insan koronavirusa yoluxub, 250 mindən çox insan ölüb. Təkcə Avropada 1, 6 milyon insan virusa yoluxub, 150 min nəfər ölüb. Onun sözlərinə görə, Azərbaycan iki dəfə ÜST-ə 5 milyon dollar yardım ayırıb.

Hande Harmancı bildirib ki, məhdudiyyətlər aradan qalxdıqca, normal fəaliyyət bərpa olunacaq. Yaxın vaxtlarda tibb müəssisələrinin normal fəaliyyətə dönməsi təmin ediləcək:

“Biz kafe və restoranları uzun müddət bağlı saxlaya bilmərik. Bütün mərhələlər üçün qaydalar hazırlanıb. Əgər biz qaydalara əməl etsək, nə rayonlarda kafe və restoranlarda, nə Bakıda metroda, nə də digər müəssisələrdə yoluxma olar. Kafe və restoranların açılması ilə bağlı layihələr  var. Önümüzdəki günlərdə yaşı 65-dən yuxarı olan şəxslərlə bağlı karantin rejiminin yumşaldılmasına qərar verilə bilər. Biz tibbi maskalardan istifadə etməli, sosial məsafəni qorumalıyıq”.

Müəllif | Apa.Tv
Apa.tv