Operativ Qərargah: Dializ xəstəsi olan şəxslər “Asan Xidmət”in 108 “çağrı” mərkəzinə zəng etsinlər
“14 iyun gecə saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq ediləcək”.
APA TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlərin tətbiq edildiyi müddətdə dializ xəstəsi olan şəxslər “ASAN xidmət”in 108 “Çağrı” Mərkəzinə zəng etməklə müvafiq tibb müəssisələrinə çatdırılmaları ilə bağlı müraciət edə bilərlər. ASAN könüllüləri xüsusi ayrılmış avtomobillər vasitəsilə həmin şəxslərin aidiyyəti tibb müəssisələrinə çatdırılmasını və geri qaytarılmasını təmin edəcəklər. Agentlik sədri həmçinin onu da bildirib ki, digər qurumların çağrı mərkəzinə düşə bilməyən vətəndaşlar da 108-ə zəng edə bilərlər. “ASAN xidmət”in əməkdaşları günün 24 saatı müraciətləri cavablandıracaqlar.
Konfransda çıxış edən Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunacağı 14 və 15 iyun tarixlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi postlarla bərabər, mobil postlar da fəaliyyət göstərəcək.
Şöbə rəisi vurğulayıb ki, vətəndaşlar itlərini gəzdirmək üçün yaşadığı yeri tərk edə bilər. Lakin bu hallardan sui-istifadə etmək olmaz.
Kamran Əliyev həmçinin nəzərə çatdırıb ki, "icaze.e-gov.az" portalında şəxsin adı yoxdursa, cərimə tərtib olunmalıdır. “Elə hallar da olub ki, şəxsin adı 1-2 saat sonra portala daxil edilib. Təşkilatın rəhbəri adları gec daxil etdiyi üçün polisin yazdığı cərimə qanunidir və ləğv oluna bilməz. İddia edən şəxslər varsa ki, adları hansısa texniki səbəbdən portala düşməyib, biz o cərimələri ləğv edə bilərik” – deyə Kamran Əliyev bildirib.
Mətbuat konfransında Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirib ki, Bakıda hər gün dezinfeksiya işlərinə 2 mindən çox insan cəlb olunur. İcra Hakimiyyətinin balansında olan 11 min 435 bina və bu binaların liftləri də həftədə iki dəfə dezinfeksiya edilir.
Aparat rəhbərinin sözlərinə görə, şəhərdə məişət tullantılarının daşınması üçün hər bir blokun qarşısına zibillərin atılması üçün xüsusi konteynerlər yerləşdiriləcək. İki gün üçün 1000-dən çox belə konteyner quraşdırılacaq.
TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev isə koronavirusa yoluxan və bunu gizlədən insanların olduğunu vurğulayıb. Bu da ölüm səviyyəsini artırır, başqa insanların yoluxmasına şərait yaradır.
Həmçinin vurğulayıb ki, koronavirus üçün verilən testin nəticəsi 1 günə çıxır. Amma test sayı çox olduğuna görə burada ləngimələr ola bilər.
Vasif Əliyev Teymur Mustafayevin ölümü ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib. Onun sözlərinə görə mərhum xalq artistinin yaxınları inkar etsə də Teymur Mustafayev koronavirusdan vəfat edib.
O, ölən şəxslərin dəfn mərasimlərində az sayda insanların iştirak etməli olduğunu da qeyd edib. Əgər yaxınları insanlara yanlış məlumat verirsə, dəfn adi qaydada aparılırsa, bu barədə müvafiq qurumlar araşdırma aparacaq və müvafiq ölçülər götürüləcək.