Operativ Qərargah: İyunun 18-dən Naxçıvana uçuşlar bərpa olunur

 

“İyunun 18-də saat 12:00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq”.

 

APA TV-nin xəbərinə görə,  bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.

 

Onun sözlərinə görə, həmin gün saat 15.00-da ikinci uçuş olacaq.

 

Həmçinin bildirib ki, Bakı-Naxçıvan-Bakı reysini həyata keçirəcək təyyarələrin maksimal sərnişin tutumu 106 yerlikdir: “Lakin 100 yer satışa çıxarılacaq. Çünki bu gün təsdiq edilmiş yeni qaydalara uyğun olaraq əgər uçuş zamanı hansısa sərnişində xəstəlik simptomu aşkarlanarsa, həmin sərnişin təyyarənin arxa sıralarında ayrılmış zonada yerləşdirilməlidir. Həmin sərnişin respirator tipli maska ilə təmin edilməli, digər sərnişinlərdən məsafə saxlanması şərti ilə təchiz edilməlidir. Həmin 6 yer bunun üçün istifadə olunacaq”.

 

Vitse-prezident onu da qeyd edib ki, ancaq səfər edəcək sərnişinlərin Heydər Əliyev Beynəlxalq Aeroportuna daxil olmasına icazə veriləcək. Onun sözlərinə görə, sərnişinlər tibbi maska taxmalıdır. Maskası olmayan sərnişinlərə isə tibbi maskalar təqdim ediləcək. 37,5 temperaturu olan sərnişinlər aeroporta buraxılmayacaq. Terminala giriş isə sosial məsafə gözlənilməklə həyata keçiriləcək.

 

Bundan başqa, sərnişinlərin baqajı dezinfeksiya olunacaq və üzərinə bunu təsdiqləyəcək nişan vurulacaq. Sərnişinlərin hava gəmisinə daxil olması isə sonuncu sıradan başlayacaq.

 

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə xaricə səfərlərlə bağlı qaydaların hazırlanacağını bildirərək qeyd edib ki, Naxçıvandan gələn sərnişinlər ev karantininə göndəriləcək.

 

Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı istiqamətində bilet satışı onlayın keçiriləcək və bilet alan zaman sərnişinə koronavirusa görə test vermək üçün hara və saat neçədə yaxınlaşmalı olduğu barədə məlumat veriləcək. Bu testlər pulsuz keçiriləcək və nəticə 48 saat qüvvədə qalacaq.

 

Mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov bildirib ki, Türkiyə, Macarıstan, Qazaxıstan və Rusiya aviaşirkətləri Azərbaycana uçuşları bərpa etmək istəyir: “Bəzi dövlətlər COVID-19 pasportu tələb edəcəyini bildirib. Sərnişinləri karantinə götürəcək dövlətlərdən bəzilərində isə bu karantinin kimin hesabına olacağı aydın deyil”.

 

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev nəzərə çatdırıb ki,  Heydər Əliyev Hava Limanında xaricdən gələn sərnişinlərin bədən hərarəti ölçülməli, onlar xüsusi testlərdən keçirilməlidirlər. Test nəticəsi müsbət olan sərnişinlər xüsusi tibbi maşınla xəstəxanaya çatdırılacaq: “Azərbaycana gələn sərnişinlərin əlində son 48 saat üçün qüvvədə olan test nəticəsi olmalıdır. Uçuşdan sonra sərnişinlərin baqajları bir daha dezinfeksiya ediləcək. Sərnişinləri qarşılayanlar terminala daxil ola bilməyəcək, qonaqları bayırda gözləyəcək”.

 

Konfransda qeyd olunub ki, ötən dövrdə çarter reysləri zamanı pilot və ekipaj üzvlərində koronavirus infeksiyasına yoluxma faktı olmayıb.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv