Operativ Qərargah: TƏBİB karantin rejiminin uzadılması ilə bağlı təkliflər hazırlayır
Azərbaycanda bu gün 56 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. İndiyədək koronavirusla bağlı 75397 test aparılıb.
APA TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
“6 nəfər süni tənəffüs cihazına qoşulmuş şəkildə müalicəsini davam etdirir. Sağalanların sayı 404 nəfərə çatıb. Hazırda 836 nəfər aktiv xəstəmiz var. Əsasən 50-60 yaş arası şəxslərdə yoluxma daha çoxdur".
Ramin Bayramlı vurğulayıb ki, Ölkədə koronavirusa yoluxanlar arasında qadınlar nisbətən üstünlük təşkil edir.
"Yaş qruplarına gəlincə, 0-9 yaş arasında 66 nəfər, 10-19 yaş arası 60, 20-29 yaş arası 175, 30-39 yaş arası 214, 40-49 yaş arası 198, 50-59 yaş arası 248, 60-69 yaş arası 157, 70-79 yaş arası 56, 80 və yuxarı yaş qrupunda isə 23 nəfərdə yoluxma qeydə alınıb".
Aprelin 20-dən sonra xüsusi karantin rejiminin uzadılmasına gəlincə isə İdarə Heyətinin sədri bildirib ki, bununla bağlı Operativ Qərargaha təkliflər hazırlanır.
“20 aprel tarixindən sonra karantin rejiminin uzadılması ilə bağlı Operativ Qərargaha təkliflər hazırlayırıq. Aprelin 20-dən sonra karantin rejiminin uzadılmasının qaydalarını hazırlayırıq və operativ qərargaha təqdim edəcəyik. Karantin rejiminin uzadılmasına ehtiyac görürük. Epidemioloji vəziyyət bunu tələb edir".
Mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, karantin rejimindən çıxma ilə bağlı müzakirələr aparılır:
"Hansı mərhələdə iqtisadi aktivlik başlayacaq, universitetlər, məktəblər açılacaq, bu, müzakirə olunmaqdadır. Hətta karantin bitəndən sonra necə yaşamaq məsələsi də müzakirə olunur. Zamanı gələndə cavab veriləcək. Bu gün təhsil, tədris nə vaxt bərpa olunacaq barədə demək tezdir".
“Operativ Qərargah xaricdəki vətəndaşlarımızın aprelin 20-dən sonra ölkəyə qayıtması məsələsi barədə düşünür”.
Bunu mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. O, qeyd edib ki, Rusiyadan gələn vətəndaşlar üçün xüsusi “Evə gedirəm” portal hazırlanır.
“Artıq planlaşdırılır ki, aprelin 20-dən sonra bütün dünyadan həftədə 300-400 nəfər qəbul etmək imkanları yaranacaq. Ən çox Rusiyadan gələnlər gözlənilir. Aprelin 20-dən Rusiya, Türkiyə və başqa ölkələrdən həftədə 300-400 nəfərin tədricən ölkəyə qayıdışı təmin olunacaq”.
“Komendant saatının tətbiq olunması bu gün gündəlikdə yoxdur" deyən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov qeyd edib ki, yoluxma sayı aşağı düşsə də, bu, məsələnin həlli demək deyil. Hətta icazəsi olanlar da iş günləri olmadıqda bundan istifadə etməsinlər və evdə qalsınlar.