Operativ Qərargah: Biz bu qadağaları qoymaq məcburiyyətindəyik
“Bütün qayda və tələblərə riayət olunsa, koronavirusla bağlı 2 həftədən sonra müsbət dönüş başlaya bilər”
APA TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Onun sözlərinə görə, bu, vətəndaşlar karantin rejiminə əməl etdikdə mümkün olar: “Son 3 günün nəticələri göstərir ki, biz xüsusi karantin rejiminə tam riayət etmirik. Ona görə nə qədər ki, karantin rejiminə insanlar əməl etməyəcək, hadisələrin gedişi ilə bağlı riyazi hesablamalar apara bilmərik”.
İbrahim Məmmədov bildirib ki, hazırda digər xəstələrin bir rayondan başqa rayona müalicə üçün getməsi ilə bağlı sənəd hazırlanır və yaxın saatlarda bu sənəd elan olunacaq: “Hemofiliya, dializ və digər xəstələr bir rayondan başqa rayona müalicə üçün getməlidirlər. Onların hərəkət rejiminin necə olacağına gəlincə, hazırda bu sənədin üzərində iş gedir”.
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə vətəndaşlarımızı qəti şəkildə evdən çıxmamağa çağırıb: "Vəziyyət ciddiləşir, xəstəlik qripə oxşasa da, xəstə sayı çoxalarsa, xəstəxanalarda yer çatmayacaq. Heç bir ölkədə bilinmirdi ki, pandemiya baş verəcək, eyni vaxtda bu qədər xəstə olacaq. Qaydaların məqsədi budur ki, insanlar məsələyə çox ciddi yanaşsınlar. Karantin rejimidir, ciddi tələbdir, bunu başa düşmək lazımdır. Biz bu qadağaları qoymaq məcburiyyətindəyik. Düşünürük ki, sabah xəstə sayı artanda, xəstəxanada yer olmayacaq, süni tənəffüs aparatı çatmayacaq. Elə etmək lazımdır ki, xəstəxanalara xəstə tədricən düşsün ki, hamıya kömək edə bilək. İndi Azərbaycanın bütün bölgələrində yoluxma var. Vəziyyətə uyğun hər günə uyğun yeni qərarlar ola bilər".
Yaqut Qarayeva qeyd edib ki, sağlam daşıyıcıları aşkarlamaq üçün ilkin mərhələdə sərhədləri keçənlər hətta iki dəfə test olunub: “Hazırda karantin rejimi 14 gün müəyyən edilib. ÜST də hesab edir ki, 14 günə yoluxdura bilər. Üç gün ərzində qızdırma, digər əlamətlər yoxdursa, iki dəfə test yoxlanışında neqativ çıxsa, onları sağlam insan kimi evə buraxırıq”.
Yaqut Qarayeva onu da əlavə edib ki, bu günədək 35 min testin aparılması bu sayda insanın test olunması demək deyil. Çünki hər karantində olan şəxs 2 dəfə, sağalanlar ən azı 3-4 dəfə yoxlanılır. Ölkədə virusun nə vaxt pik həddə çatıb, nə vaxt azalması məsələsinə gəldikdə, TƏBİB-in şöbə müdiri deyib ki, ilk gündən qərargahda bu işlə məşğul olan elmi işçilər, statistika aparanlar var.
DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib ki, karantin rejimi qaydalarına əsasən, hər bir vətəndaşın üzərində şəxsiyyət və iş vəsiqəsi və ya iş yerindən arayış olmalıdır. Onun sözlərinə görə, xüsusi karantin rejimi dövründə KİV-in fəaliyyətinə məhdudiyyət olmadığını bildirib: “Çünki informasiyanın alınması, ötürülməsi strateji əhəmiyyətli və mühüm məsələdir. Amma jurnalist də rayon və şəhərlərarası məhdudiyyətə əməl etməlidir. Bakıdadırsa, ancaq Bakı, Sumqayıt və Abşeronda hərəkət azadlığı var. Bakı, Sumqayıt və Abşeronun hüdudlarını keçib, başqa ərazilərə gedə bilməz. Digər rayonlardakı jurnalistlər də həmçinin...”
DİN rəsmisi əlavə edib ki, karantin rejimi tətbiq olunduğu gündən sosial şəbəkədə yanlış məlumat yayan 10 nəfər inzibati qaydada həbs edilib, 18 nəfərə inzibati cərimə tətbiq olunub, 127 nəfərə xəbərdarlıq edilib.
İbrahim Məmmədov son günlər bəzi jurnalistlərin sosial şəbəkələrdə həqiqəti əks etdirməyən məlumatlar yaydığına da diqqət çəkib: “Məsələn, yazırlar ki, “X” kəndində virusa yoluxma var. Məlum olur ki, o kəndin ətrafında da 4 kənd var, ajiotaj yaranır. O jurnalistlərin içərisində tanınmışlar da var. Arzu edilmir ki, bu məsələyə hüquq-mühafizə orqanları müdaxilə etsin. Jurnalistlər özləri belə hallara imkan verməməlidir”.
Nazirlər Kabinetinin rəsmisi qeyd edib ki, koronavirusdan zərər çəkənlərə yardımla bağlı müxtəlif təkliflər olsa da, hələlik bununla bağlı son qərar qəbul olunmayıb: “Yaxın günlərdə qərar qəbul ediləcək. Qərar insanların koronavirusdan gördükləri zərəri qarşılamaq üçün yetərli olacaq. İnsanların, sahibkarların, aztəminatlı əhalinin əzabları yüngülləşdirilməlidir. Bu 3 məqam nəzərə alınaraq təkliflər hazırlanır və yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim olunacaq. Yardımla bağlı indidən rəqəmlər səsləndirmək düzgün deyil”.
Operativ Qərargah fövqəladə vəziyyətin elan olunmasının istisna edilmədiyini də diqqətə bəyan edib. Çünki yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir: “Cəmi 26 nəfər sağalıb. Bu fərqin artması pis tendensiyadır. Vəziyyətin nəzarətdən çıxdığı deyilmir. Bu tendensiya davam edərsə, vəziyyət mürəkkəbləşərsə, fövqəladə vəziyyətin elan olunması istisna edilmir. Hökumət bütün planlara malikdir. Amma arzu ediləndir ki, buna ehtiyac olmasın”.
Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib ki, qəsəbələrdən də şəhərə ekspress xətlərin təşkili üzərində düşünülür: “Müntəzəm xətlərin fəaliyyətində dəyişikliklər var. Bununla bağlı ekspress xətlər də fəaliyyətə başlaya bilər”.
Onun sözlərinə görə, ekspress xətlər metro istifadəçiləri üçün açılıb: “Ancaq ekspress xətlər sərnişinlərin “Xətai” metrosundan “İçərişəhər” stansiyasına getməsinə görə qurulmur. Bunu da nəzərə almaq lazımdır”.
Vüsal Kərimli qeyd edib ki, hazırda sıxlığı vətəndaşlar özləri yaradır: “Həkim və polislərdən başqa sürücülər var. Bu sürücülərdən biri yoluxsa, məcbur olub qarajın xidmətini dayandıracağıq. Bu halda sıxlıq daha çox olacaq”. SİTATIN SONU