Operativ Qərargahın mətbuat konfransı

“Ölkə üzrə sanitar epidemioloji vəziyyət nəzarətdə saxlanılır”.

APA TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, yoluxanlar və sağalanlar arasında müsbət dinamika müşahidə edilir: “Əldə etdiyimiz bu göstəricilər 21 iyun tarixindən tətbiq edilən sərtləşdirilmiş karantin rejimi və vətəndaşlarımızın bu qaydalara riayət etməsinin nəticəsidir. Hər bir vətəndaşa təşəkkür edirik. Ancaq bundan sonra da qaydalara riayət etmək lazımdır. Dünya ölkələrinin təcrübəsi də göstərir ki, virus bizimlə yaşayır. Cənub-Şərqi Asiya ölkələrində artıq virusun nəinki ikinci, üçüncü dalğası da alovlanmaqdadır. Avropa ölkələri arasında da sərhədlərin bağlanması xəbərləri gəlməkdədir”.

Prezidentin köməkçisi bildirib ki, dövlət tərəfindən koronavirus pandemiyası başlayandan vətəndaşlara dəstək paketləri davam etdirilir və bundan sonra da davam etdiriləcək. O bildirib ki, işçi saylarında azalmaya yol verilməməsi xüsusi diqqətdədir. H. Hacıyev dünya üzrə 60 milyondan çox insanın yoxsulluğun ən aşağı həddinə düşəcəyini qeyd edib: “Dünyada 100-dən artıq ölkəyə yardımlar edilib. Dünya ölkələri borclanmaya gedir. Azərbaycanda isə vəziyyət fərqlidir. Ölkəmiz borclanmaya getmir. Əksinə, vətəndaşlarımızın iqtisadi baxımdan dəstəklənməsi üçün xüsusi paketlər verilməkdədir”.

Hikmət Hacıyev rayonlara gediş-gəliş məsələsinə də toxunub. O, bildirib ki, bu gün regionlara gediş-gəliş yoluxmanı artıra bilər.

Çimərliklərin açılması məsələsinə gəlincə isə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib ki, çimərliklərin açılmasına mövcud vəziyyət imkan verir. Bununla bağlı ölkə rəhbərliyinin tapşırığı var. Müəyyən edilmiş monitorinq qrupu pandemiyaya uyğun tələblərə riayət edilməsinə uyğun olan çimərlikləri müəyyən edib. O bildirib ki, avqustun 5-dən fəaliyyətə başlayacaq “cimerlik.az” saytı bu sahədə informativ sayt olacaq: “Çimərliklərin monitorinqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşlarından ibarət 16 səyyar monitorinq qrupu formalaşdırılıb. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə sorğu vərəqələri əsasında Bakı və Sumqayıt ərazisində yerləşən 229 çimərliyə baxış keçirilib”.

Ülvi Mehdiyev qeyd edib ki, reyestrə daxil edilən çimərliklərdə mütəmadi dezinfeksiya tədbirləri görüləcək. Qurumun sədri bildirib ki, bunun üçün artıq Bakıda 101, Sumqayıtda isə 19 çimərlik istifadə üçün yararlı müəyyən edilib.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva isə budəfəki yumşalmadan sonra artım baş verməyəcəyinə ümid etdiklərini bildirib. O, yumşalmaya baxmayaraq, koronavirusla mübarizə işinin eyni qaydada davam etdirildiyini bildirib: “Çarpayı sayında artımlar olub. Yeni modul tipli xəstəxanalar açılıb. Yeni laboratoriyaların açılması da nəzərdə tutulur. Biz bütün qüvvəmizlə pandemiya ilə mübarizəyə hazır olmalıyıq”.

O bildirib ki, yumşalmaya insanların istəyini və isti havanı nəzərə alaraq getmişik.

Məlumat üçün bildirək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah virusa yoluxanların sayının azaldılması, özünüzü və yaxınlarınızı virusa yoluxmadan maksimum qorumaq üçün mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə, tibbi-profilaktik qaydalara riayət etməyə, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırır.

 

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv